Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu olan “Elektrogas” MMC MDB ölkələrinə kombilərin ixracını təşkil etmək istəyir.
Bunu Report agentliyi yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib.
Onun sözlərinə görə, zavod hazırda Rusiya, Gürcüstan və Ukrayna ilə danışıqlar aparır: “Bəzi məsələlər həll edildikdən sonra növbəti ay ixraca başlayacayıq. Rusiya bazarı bizim üçün çox maraqlıdır”.
E.Cəmilli vurğulayıb ki, Azərbaycan bazarına ildə 150 min kombi idxal edilir: “Azərbaycana Çin, Türkiyə, İran və digər ölkələrdən kombi idxal edilir. Həmin kombilərin təqribi 100 min ədədi Çinin payına düşür. Azərbaycan bazarında kombinin ən ucuz qiyməti 550 AZN-dir. Bizim müəssisənin istehsalı olan kombilərin satış qiyməti isə 450 manata qədərdir. Gələcəkdə bu məbləğin 400 manata qədər olacağını planlaşdırırıq. İndiyədək bazara bizim zavodun istehsalı olan 1000-dən çox kombi çıxarılıb”.
Zavodun direktoru qeyd etdi ki, “Elektrogas” MMC-nin aylıq istehsal gücü 10 min ədəddən çoxdur: “Bir neçə dövlət layihələri çərçivəsində bizim müəssisənin kombiləri satılıb. Malın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur”.
O qeyd edib ki, biz burda təkcə kombi deyil eyni zamanda isti su qızdırıcıları, həmçinin elektrikli su qızdırıcıları da istehsal etməyi planlaşdırırıq.
Xatırladaq ki, avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi ilə, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək, E.Cəmilli bildirib.