Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağa aradan qaldırılıb.
Bu barədə Banker.az-a AQTA-dan bildirilir.
Belə ki, Agentliyin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) göndərilmiş müvafiq bildirişi əsasında, həmin qurum tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb.
Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri, o cümlədən epizooloji monitorinqlər ilə bağlı AQTA-ya ətraflı məlumatlar verilib. Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, o cümlədən qarşılıqlı olaraq iki ölkə arasında idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, həmçinin “Rosselxoznadzor” ilə sıx əməkdaşlıq əlaqələrini nəzərə alaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti qadağa aradan qaldırılıb.
AQTA-nın qərarı ilə əlaqədar “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.
Xatırladaq ki, AQTA şirkətin broylerinə qadağa qoyarkən bildirmişdi ki, Rusiyadan ölkəmizə idxal olunan quşçuluq məhsulu partiyalarının istehlak üçün yararsızdır.