İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti Sərbəst Satış Sertifikatları (Certificate of Free Sale) təqdim olunub.
Banker.az xəbər verir ki, sertifikatlar Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Gürcüstan Respublikasına və Rusiya Federasiyasına ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.