Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında $34 mln. 634,39 min dəyərində 45 min 990,6 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Banker.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
«2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 45 min 990,6 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində isə respublikaya $23 mln. 637,64 min məbləğində 36 min 879,54 ton benzin idxal olunub. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 24,7%, dəyər ifadəsində 46,5% artıb», – deyə məlumatda bildirilir.
Eyni zamanda, Rusiyadan $19 mln. 983,6 min dəyərində 27 min 803,13 ton (miqdar ifadəsində 28,8 dəfə, dəyərr ifadəsində 31,5 dəfə artım), Bolqarıstandan $3 mln. 577,37 min dəyərində 4 min 449,47 ton, Rumıniyadan $11 mln. 73,42 min dəyərində 13 min 738 ton “AI-95” markalı benzin idxal olunub.
Bundan başqa, hesabat dövründə ölkəyə $652,07 min dəyərində 642,06 ton «Super Euro-98» markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində azalma 41,6%, dəyər ifadəsində artım 10,8% təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında “AI-98” markalı benzinin əsas idxal həcmi Belarusun ($542,77 min dəyərində 628,45 ton), qalan həcm isə Almaniya, Böyük Britaniya və Fransanın payına düşüb.
Eyni zamanda, iyul-sentyabr aylarında ölkəyə «Super Euro-98» markalı benzin idxal olunmayıb.
1 aprel 2014-cü il tarixindən Azərbaycana «Premium Euro-95» və «Super Euro-98» markalı benzin idxalına başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95”in pərakəndə satış qiyməti 1,5 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edir.