“Azersun Holding” MMC-yə yaxın “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Anar Məmmədov Həsənalı oğlu idarə orqanına üzv kimi seçilib.
Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beşə yüksəlib. Hazırda İdarə Heyətinə Kənan Orucov Əzizağa oğlu sədrlik edir.
Anar Məmmədov 2023-cü ilin iyunundan bu günə qədər bankın satış və marketinq üzrə baş inzibatçısı təyin edilib.
Anar Məmmədov 14 ildir ASB Bank-da çalışır. 2016-cı ilin sentyabrından 2023-cü ilin mayına qədər Kredit departamentinin direktoru olub. Bu departament satış və marketinq üzrə baş inzibatçının kurasiyasındadır.
Satış və marketinq üzrə baş inzibatçının kurasiyasına Müştəri Xidmətləri Departamenti və filiallar və Kredit departamenti daxildir. İki departamentə 5 şöbə tabedir.
Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları “Azersun Holding” MMC-yə yaxın olan “Anadolu Investment Company” MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir (0.58%).