Bu gün qeyri-neft sektorunun digər sahələri kimi, şərab ixracının artırılması da başlıca vəzifə olaraq qarşıya qoyulub. İxracın təşviqi fonunda xarici bazarda tanıdılması nəzərdə tutulan məhsullar arasında şərab da var. Hazırda ölkəmizdə istehsal olunan şərab məhsullarının keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır.
Azərbaycan şərablarının xaricdə tanıdılması və ixracı ilə bağlı məsələlər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biri olan “ASK Şəki Şərab” zavodu rəhbərliyinin də qarşısında duran ən vacib vəzifələrdən biridir. Şəki rayonunun Çələbi xan qəsəbəsində yerləşən bu zavod 2018-ci ildən etibarən ASC-nin tərkibinə daxil olub. Əsas fəaliyyət istiqaməti şərab istehsalı olan müəssisə ildə 3 min ton üzüm qəbul və emal etmək gücünə malikdir. Burada fəaliyyət göstərən sexlər ən müasir avadanlıqla, o cümlədən İtaliyanın tanınmış “Della Toffola SPA” şirkətinin avadanlığı ilə təchiz olunub. Müəssisədə Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılıb. Zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisənin istehsal etdiyi şərablar dünya standartlarına tam uyğundur və bu məhsulların daxili və xarici bazarlarda satışının həyata keçirilməsi istiqamətində də müvafiq danışıqlar aparılır. Cari mövsümdə məhsulların ixracı məqsədi ilə Belarus, Çin və İspaniya şirkətləri ilə ilkin razılıq əldə olunub.
Zavodun direktoru Vidadi Həsənov müsahibəsində ixracla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. Direktor bildirib ki, xammal kimi istifadə edilən üzüm Azərbaycanın rayonlarından tədarük olunur. Ötən il 725 tona yaxın üzüm qəbul edilib və həmin xammaldan 500 min litr şərab materialı istehsal edilib. Məhsul qablaşdırılaraq 336 min litrinin Rusiya, qalanının isə daxili bazarlarda satışı həyata keçirilib. Zavodda “Askona” və “Buket Şəki” adı altında 10 çeşiddə şərab istehsal olunur. Gələcəkdə şərabın çeşidinin 20-yə çatdırılması nəzərdə tutulur.
Müəssisə rəhbərinin sözlərinə görə, cari mövsümdə Şəkinin kəndlərinin və ətraf rayonların fermer təsərrüfatlarından 500 ton üzüm alınıb. Eyni zamanda, müəssisənin icarəyə götürdüyü 16 hektar üzüm bağından 70 ton məhsul tədarük olunub. Hazırda üzümün emalı prosesi aparılır.
İxracla bağlı planlara toxunan Vidadi Həsənov bildirib ki, bir neçə ay əvvəl Polşada fəaliyyət göstərən “Azərbaycan ticarət evi”nə Şəki şərabının tanıdılması və satışı məqsədi ilə ilkin olaraq kiçik həcmdə – 360 şüşə şərab göndərilib. Hazırda bu ölkəyə böyük həcmdə şərab məhsulunun ixracı üçün danışıqlar aparılır. Eyni zamanda, məhsulların ixracı məqsədi ilə Belarus, Çin və İspaniya şirkətləri ilə də danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Direktorun sözlərinə görə, tələbat olarsa, zavodda ayda 400 min şüşə qablaşdırmaq mümkündür və bu məqsədlə indiyədək tədarük edilən üzümdən lazımi qədər şərab materialı istehsal etmək olar.
Bir müddət əvvəl Moskva şəhərində təşkil olunan “World Food Moscow 2019” beynəlxalq qida sərgisində də iştirak etdiklərini diqqətə çatdıran V.Həsənov bildirib ki, sərgidə Azərbaycan şirkətlərinin təqdim etdikləri digər məhsullarla yanaşı, “ASK Şəki Şərab” zavodunun istehsal etdiyi şərab məhsullarının keyfiyyəti də yüksək qiymətləndirilib.
©Azərtac