9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Səudiyyə Ərəbistanı şirkəti ilə külək elektrik stansiyasının tikintisinə dair üç müqavilə imzalayıb

Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə üç müqavilə imzalanıb.

Tərəflər arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalanıb.

Müqavilələri Azərbaycanın energetika naziri Pərviz Şahbazov, “Azərenerji”” ASC-nin prezidenti Balababa Rzayev və “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan imzalayıblar.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

Onu da əlavə etmək lazımdır ki, bu gün Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər