6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan sahibkarları hansı kitabları oxumalıdırlar?

Bir neçə gün öncə Sahibkarlar Klubu tərəfindən “Biznes yeni qaydalarla “oynamağa” hazırdırmı?” sərlövhəli məqalə dərc edildi və bu yazıda biznesimizə müraciət etdik ki, yaranan vəziyyətdən düzgün istifadə edərək, şirkətlərimiz öncəki fəaliyyətlərini doğru təhlil edib, zəif yerlərini müəyyən etsinlər. Öz tərəfimizdən əvvəlki dövrdə firmalarımızda rast gəlinən üç əsas boşluq barədə məqalədə yazmışdıq:

– maliyyə biliklərinin və intizamın zəifliyi;

– müştəri sədaqəti və bazası;

– biznesin onlayn versiyası.

Bu məqaləmizdə təhlilimizi davam etdiririk və yeni məsləhətlərimizi sahibkarlarımızın nəzərinə çatdırırıq:

KOMANDA ÜZVLƏRİNİN ƏHƏMİYYƏTİ

Bütün çıxışlarımda dediyim bir cümlə ilə bu maddəyə başlamaq istəyirəm: biznesdə hər şey insanla başlayır və insanla bitir. Bu fikrə kiçik əlavə – doğru insanla. “Doğru insan” şirkət üçün nə deməkdir?

Şirkət sahibinin dəyərlərini, fəlsəfəsini, prinsiplərini və ümumi biznesə, insan əlaqələrinə, müştərilərlə ünsiyyət kimi mövzularda düşüncələrini paylaşan və eynisinə malik olan insan.

Bir geyim istehsalı firması təsəvvür edin. Bu şirkətin keyfiyyətli məhsul və münasib qiymətlərlə bərabər, həm də güclü “müştərilərə diqqət və onlarla özəl davranma” kimi yanaşması var. Misal üçün, bir müştəri ayaqqabı alırsa, şirkətin sahibi hesab edir ki, müştəri ayaqqabını geyindikdən sonra satış mütəxəssisi onun önündə əyilib, ayaqqabıların bağlarını bağlamalıdır. Bu tərzdə düşünməyən və həmin dəyərləri olmayan insan şirkətə uyğun deyil, amma fərqli fəlsəfəsi olan bir biznesdə uğurlu və ora üçün doğru insan ola bilər.

Bu mərhələdə təcrübəm göstərir ki, bəzi hallarda əməkdaşlar şirkətin vəziyyətinin kəskin pisləşməsini gördüyü halda eqoistcəsinə davranır – lazım olduğu hallarda əlavə işləməkdən və əlavə işlərdən boyun qaçırır, firmanın vəziyyətinin pisləşməsinə baxmayaraq, bir çox mövzularda müvəqqəti müddət üçün anlayışlı davranmaq istəmir. Şirkətin güclü, satışın yüksək olduğu dövrlərdə böyük məmnuniyyətlə maaşdan əlavə bonusları, mükafatları, maaşa digər formada əlavələri alan insanlar bu gün eyni həssaslığı nümayiş etdirmirlər. Əslində, bu yaxşıdır – böhran dövründə sular durulur, komandanın işi üçün can yandıran, dəyərləri sahibkar və rəhbərlərlə eyni olanlar ön plana çıxır.

Məhz bu səbəbdən keyfiyyətli avtomobilin hər parçasının əhəmiyyəti olduğu qədər, bir şirkətin də hər komanda üzvü vacibdir. İndi içində olduğumuz dövrdə biznesimizin ən böyük dərsi bu olmalıdır – insanlar ancaq və ancaq dəyərlərə görə seçilməli, onların şəxsi keyfiyyətlərinə ciddi diqqət yetirilməlidir.

Böhran komanda üzvlərinin ən yaxşı və ən pis xüsusiyyətlərini üzə çıxaran vəziyyətdir. Misal üçün, özünü sahibkara yaxşı göstərmək və xərcləri aşağı salmaq üçün şirkətin əməkdaşlarını işdən çıxaran rəhbər öz maaşına toxunmur.

Komanda ilə əlaqəli digər məqam – böhranlar və şirkətlərin zəifləməsi orada işləyən insanların, əslində, bir növ statusunu da dəyişir – əməkdaşlar sahibkara çevrilir: məsuliyyəti tam şəkildə öz üzərinə götürən, daha az gəlirlə daha çox işləyən və qeyri-müəyyən dövrlərdə ruhdan düşmədən irəli gedən.

PSİXOLOJİ HAZIRLIĞIN OLMAMASI

Öncəki məqaləmizdə demişdik ki, biznesdə böhranlar normal haldır – qlobal, lokal, regional miqyasda və texniki, texnoloji, məhsul, müştəri seçimlərinin dəyişməsi kimi səbəblərdən. Bu, o deməkdir ki, dünyanın bütün ölkələrində hər zaman böhranlar və biznesin fəaliyyətində dalğalanmalar olur. Bunu bir fakt kimi qəbul etmək psixoloji hazır olmaq üçün ilkin addımdır. Növbəti addım böhran vəziyyətlərinə düşən iş adamlarının təcrübələrindən faydalanmaq olmalıdır.

Misal üçün, “Starbucks”ın qurucusu Hovard Şults öz kitabında qəhvə bazarında olan ciddi dalğalanma ilə əlaqəli davranışlarını, fəaliyyət planını, düşüncələrini yazır. Hovard Şults və onun kimi onlarla tanınmış iş adamı var, onlar öz kitablarında böhran dövründə fəaliyyətləri barədə yazırlar. Sahibkarlarımızın bu tərz ədəbiyyatı oxuması mütləq şərtdir – həm faydalı biliklərə yiyələnəcəklər, həm də xarici həmkarlarından motivasiya almış olacaqlar.

Şirkətin fəaliyyətinin zəifləməsi və böhran pis xəbərlər, mənfi emosiyalar dövrüdür. Bu səbəbdən də sahibkarın vəziyyəti nə qədər çətin olsa belə, o, dik durmalıdır, amma bununla bərabər, əməkdaşlarına kifayət qədər açıq və dəqiq, şəffaf məlumat verməlidir ki, firmada pafoslu vəziyyət yaranmasın, hadisələrin ciddiliyini emosiyalar olmadan faktlarla anlasınlar.

Bütün bu təzyiqlərə dözə bilmək üçün sahibkarlarımız psixoloji cəhətdən güclü olmalıdırlar.

ANBAR VƏ MƏHSULLARIN DÜZGÜN İDARƏ EDİLMƏSİ

Təcrübəm göstərir ki, anbar rəhbərləri, adətən, sahibkarın ən etibarlı, ən güvəndiyi insanlardan ibarət olur. Buna əlavə olaraq, həmin insanlar, əsasən, anbarda hər şeyin səliqəli yerləşdirilməsinə diqqət edir və öz növbəsində, bura ancaq şəxsən güvəndikləri adamları işə götürürlər. Beləliklə, Azərbaycanda əksər şirkətlərdə ən güclü komanda anlayışı və özünü hər kəsdən fərqli və elitar görən bir qurum var – anbar. Özlərini yalnız şirkətin mülkiyyətini qoruyan bir qurum kimi görən anbarlarda unudulan bir meyar var – peşəkarlıq.

Anbar qalıqlarının idarə edilməsində vacib olan digər məqam isə odur ki, bu iş ancaq anbar rəhbərinə aid deyil – maliyyə və satış rəhbərlərinin də bu istiqamətdə həm ayrıca işləri, həm də ortaq fəaliyyəti vacibdir. Biz yenə iki mühüm məqamın üzərinə gəlirik – komanda üzvlərinin hər birinin ayrı-ayrılıqda peşəkarlığı və bu mütəxəssislərin bir məqsəd üçün birlikdə işləməsi.

Əks halda, dərin təhlil etmədən və “qoy anbarda dursun” düşüncəsi ilə satışın durmadan böyük sifarişlər verməsini, maliyyənin heç bir analiz etmədən “bir şey desəm, satış müdiri hirslənəcək, təsdiq edim” düşüncəsi ilə verdiyi sifarişlərin maddi baxımdan səmərəliliyinə fikir verilmədən anbar rəhbərinin də “nə sifariş edildisə, hamısı buradadır. Səliqəli, təmiz. Biz işimizi görürük, indi onlar satsınlar” tərzində yanaşmasını görürük. İtirən kimdir? Şirkət və sahibkar.

Məhz buna görə də bu gün firmalarımızda dəyəri ölmüş böyük anbar qalıqları, zərərlərlə qarşılaşan sahibkarlar və şirkətin səhv siyasətini boşuna tənqid edən, amma elə bu vəziyyəti yaradan idarəçilər var.

BÖHRAN – İMKANDIR

Uğurlar aldadır və yatırır. O mənada ki, uğurlar boşluqların üzərinə bir örtük örtür sanki və onlar əhəmiyyətli görünmürlər. Amma sakitcə böyüyürlər. Böhran isə o mənada imkandır ki, şirkətin zəif və nöqsanlı tərəfləri açıq şəkildə görünür və onları aradan qaldıraraq, firma daha güclü şəkildə yoluna davam edir.

©

Azərbaycan sahibkarları hansı kitabları oxumalıdırlar?

Oxu.az

Son xəbərlər
Digər xəbərlər