Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2026-cı ilin ikinci rübündə ümumilikdə 90,6 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% və ya 9,4 milyon manat çoxdur.
Xalis mənfəətin həcminə görə bazar lideri PAŞA Həyat Sığorta olub. Şirkət hesabat dövründə 27,7 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.
İkinci yerdə AzRe Təkrarsığorta qərarlaşıb. Şirkətin xalis mənfəəti 22,5 milyon manata çatıb və illik müqayisədə 101% artaraq ən yüksək artım templərindən birini nümayiş etdirib. İlk üçlüyü isə PAŞA Sığorta tamamlayıb. Şirkət 14,5 milyon manat xalis mənfəət əldə etsə də, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.
İlk üç sığorta şirkətinin ümumi xalis mənfəəti 64,7 milyon manat təşkil edib ki, bu da sektor üzrə ümumi xalis mənfəətin 71,4%-nə bərabərdir.








