Şimali Kipr Türk Respubilkasının (KKTC) lideri Ersin Tatar Bakıda jurnalistlərin suallarına cavab verərkən “bilirik ki, Avropa Birliyi və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar. “Qəti şəkildə Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanımayın” deyə narahatlıq yaradırlar” cümləsini işlətdi. KKTC Cumhurbaşqanının sözlərindən aydın oldu ki, söhbət yalnız Yunanıstan və Kipr Yunan Respublikasından getmir, Avropanın digər dövlətləri də rəsmi Bakını xəbərdar etməyə çalışırlar. Azərbaycan Avropa İttifaqının üzvü deyil, Brüssel və ya Paris bizim KKTC-ni rəsmən tanımaq qərarımıza qarışa bilməz. Digət tərəfdən Azərbaycanın KKTC-ni tanımasına qədər başqa zəruri addımlar atılmalıdır.
“Ersin Tatar da jurnalistlərə verdiyi açıqlamada, “tanınma məsələsi bir qədər sonra da ola bilər” deməklə rəsmi Bakını tələsdirmədiyinə işarə verib”-deyə Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Birincisi, Azərbaycanla KKTC arasında iqtisadi və ticarət əlaqələrinin qurulmasına ehtiyac var. Ersin Tatar da ilk növbədə bu mövzuya diqqət ayırmağı lazım bilib.
İkincisi, Bakı ilə Lefkoşe arasında birbaşa təyyarə reysinin açılması zəruridir. Azərbaycan vətəndaşları KKTC-yə getmək istəyərkən bunu İstanbul üzərindən reallaşdırmaq məcburiyyətindədir. Birbaşa təyyarə reysləri əlaqələrin inkişafında müstəsna rol oynaya bilər. KKTC öz ali təhsil müəssisələri ilə məşhurdur. Birbaşa təyyarə reysləri KKTC universitetlərində təhsil alan azərbaycanlı gənclərin işini də asanlaşdırar. KKTC həm də turistik məkandır. Birbaşa təyyarə reysləri iki dövlət arasında turizmə də təkan verər.
Üçüncüsü, Azərbaycanın KKTC-də ilkin mərhələdə nümayəndəliyinin açılmasına ehtiyac var. KKTC-nin Azərbaycandakı nümayəndəliyi illərdir fəaliyyət göstərir, eynisinin də paytaxt Lefkoşedə fəaliyyəti mümkündür.
“Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı. “Kuzey Kıbrısın bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq” deyən dövlət başçısı bununla iki dövlət arasında əlaqələrin daha üst səviyyəyə qalxacağına işarə etmiş oldu. Bu açıqlamadan sonra KKTC Cumhurbaşqanının Bakıya gəlişi bu siyasətin tərkib hissəsidir”- deyə E.Şahinoğlu bildirir.