“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 2026-cı ilin ilk 7 ayında Azərbaycandan 126,9 min ton şəkər ixrac edib.
Banker.az xəbər verir ki, hesabat dövründə ixrac olunan şəkərin ümumi dəyəri 79,5 milyon dollar təşkil edib. Beləliklə, bir ton şəkərin orta ixrac qiyməti 626,6 dollar olub.
2025-ci ilin ilk 7 ayında isə şirkət tərəfindən 43 min ton şəkər ixrac edilib və ixracın dəyəri 30,6 milyon dollar təşkil edib. Həmin dövrdə bir ton şəkərin orta ixrac qiyməti 710,9 dollar olub.
Beləliklə, 2026-cı ilin ilk 7 ayında şəkər ixracının həcmi illik müqayisədə 83,9 min ton və ya 195%, dəyəri isə 48,9 milyon dollar və ya 160% artıb. Bununla yanaşı, şəkərin orta ixrac qiyməti 11,9% aşağı düşüb.
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC Azərbaycanın yeganə şəkər ixracatçısıdır.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 113,7 min ton ağ şəkər ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 285,3% çoxdur. İxracın dəyəri isə 71,9 milyon dollar olmaqla illik müqayisədə 242,1% artıb.
İxracın əsas istiqamətləri arasında Özbəkistan və Türkmənistan xüsusi yer tutub. 2026-cı ilin ilk yarısında Özbəkistana 58,7 min ton, Türkmənistana 29,5 min ton, Əfqanıstana 12,6 min ton, Qırğızıstana 7,6 min ton, Tacikistana isə 4,7 min ton şəkər ixrac edilib.
Müqayisə üçün, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan ümumilikdə 29,5 min ton şəkər ixrac edilmişdi. Həmin dövrdə əsas ixrac istiqaməti Türkmənistan olub – 16,3 min ton, Özbəkistana isə 9,8 min ton şəkər ixrac edilib.
Şəkər ixracındakı artım ölkədə istehsalın yüksəlməsi fonunda baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yeddi ayda Azərbaycanda 266,9 min ton şəkər istehsal olunub ki, bu da illik müqayisədə 31% artım deməkdir.






