Su qıtlığı kənd təsərrüfatı, sağlamlıq və iqtisadi inkişaf kimi sahələrə təsir göstərən mühüm bir problemdir.
Bunu Bakıda COP29 çərçivəsində “Su ehtiyatlarının idarə olunmasında dövlət-özəl tərəfdaşlıqların rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O, bildirib ki, Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir: “Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində Dövlət-Özəl Tərəfdaşlıqların potensialıdır. Xəzər Dənizinin suyunun Duzsuzlaşdırılması Layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir.
2023-cü il 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3843 nömrəli Fərman imzalanmışdır. Layihənin illik istehsal gücü 100 milyon m³, müddəti isə 27,5 ildir (2,5 il tikinti, 25 il istismar). Hazırda tender təkliflərinin qiymətləndirilməsi prosesi həyata keçirilir”.
O qeyd edib ki, iqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır:
“Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir”.