Azərbaycan ölkə tarixində ilk suveren avrobondların yerləşdirilməsi nəticəsində 1,25 milyard dollar vəsait əldə edib. Bu barədə çərşənbə axşamı “Financial Times” agentliyi xəbər yayıb.
Agentlik qeyd edir: “Bu, Rusiyada və Ukraynada bazarın qeyri-sabitliyi fonunda investorların inkişaf etməkdə olan iqtisadiyyatların borc öhdəlikləri bazarına marağının qorunub saxlanmasından xəbər verir”.
“Moody’s” və “Fitch” investisiya reytinqinə malik olan Azərbaycan martın 10-da beş faizlik gəlirliliyə malik və 10 il ödəmə müddəti ilə istiqrazlar yerləşdirib.
“Financial Times” agentliyi “Citi” borc öhdəlikləri bazarı üzrə baş menecer Vasili Tenqayevə istinadən yazır: “Yerləşdirmə investorlara öz vəsaitlərini geosiyasi vəziyyətin xüsusilə gərgin olduğu hazırkı durumu nəzərə alaraq iqtisadi cəhətdən güclü və stabil dövlətə vəsaitlərin qoyulması yolu ilə resursların şaxələndirilməsi üzrə böyük imkanlar verir”.
“Barclays”, “Deutsche Bank AG London” və “Citigroup Global Markets Limited” səhmdar bankları avrobondların ilk emissiyasının yerləşdirilməsi üzrə hökumətin menecerləri seçiliblər.
Agentliyin yerləşdirmədə iştirak edən mənbəyə istinadən verdiyi xəbərə görə, bu zaman istiqrazların alınması üzrə sifarişlərin həcmi dörd milyard dollardan çox təşkil edib.
“Financial Times” ehtimal edir ki, “suveren istiqrazların buraxılışı ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının artıq bu il öz avrobondlarının yerləşdirə biləcəyinə dair sərmayəçilərə işarədir”.