Azərbaycan 2023-cü ilin ilk ayında xaricdən idxal etdiyi təbii qazın həcmini 311.95 milyon kub-metrə çatdırıb.
Banker.az xəbər verir ki, 2022-ci ilin ilk ayında Azərbaycan xaricdən cəmi 35.89 mln. kub-metr (1.36 mln. dollar) təbii qaz almışdı ki, bunu da yalnız İrandan alınmışdı.
Cari ildə isə İrandan idxal dayanıb, əvəzində Rusiya və Türkmənistandan edilir.
2023-cü ilin ilk ayında Azərbaycan idxal etdiyi qaza görə qeyd edilən iki ölkəyə 54.81 mln. ABŞ dolları valyuta ödəyib. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Azərbaycan Türkmənistandan təbii qaz idxalına 2022-ci ilin aprelindən başlayıb ki, bu da Azərbaycan, İran və Türkmənistan liderlərinin 2021-ci ilin son ayında “svop” qaz anlaşmasından sonra baş verib.
2022-ci ilin aprelindən ilin sonuna qədər 154.62 mln. kub-metr miqdarda və ya 21.65 mln. dollar dəyərində Türkmənistandan təbii qaz idxal edilmişdi. Cari ilin yanvarından isə Türkmənistandan 64.4 mln. kub metr həcmində qazı 9.02 mln. dollara idxal edilib.
2022-ci ilin son ayından başlayaraq isə Rusiyadan təbii qaz alınmağa başlayıb. Dekabr ayında 93.27 mln. kub-metr ($17.25 mln.) təbii qaz ixrac edildiyi halda, 2023-cü ilin yanvarında “sıçrayışla” 247.55 mln. kub-metrə ($45.8 mln.) yüksəlib.
Azərbaycan təbii qazı ümumiyyətlə standart Avropa bazarından xeyli aşağı qiymətə alıb. Türkmənistandan ötən ilin aprelində hər 1000 kub-m üçün 80 dollara alsa da, sonrakı aylardan qiyməti hər 1000 kub-m üçün 140 dollara qaldırıb. Rusiyadan isə standart olaraq dekabr (2022) və yanvar (2023) aylarında hər 1000 kub-m üçün 185 dollara idxal edib.
Qeyd edək ki, 2023-cü ildə Avropa bazarlarında təbii qazın qiyməti TTF qaz habında (ICE) hər 1000 kub-m üçün qiymətlər 500-700 ABŞ dolları aralığında dalğalanır.
2023-cü ilin ilk ayında Azərbaycan özü xaricə hər 1000 kub-m üçün ortalama 548 dollara, yəni 255.6 mln. kub-m həcmində təbii qazı 140.04 mln. dollar qiymətində ixrac edib.
Energetika nazirinin ən son yenilənmiş statistikasına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə ixrac etdiyi təbii qazı illik müqayisədə 13% artırmaqla 4.3 mlrd. kub metrə çatdırıb. O qeyd edir ki, Avropaya 1.9 mlrd. kub-metr, Türkiyəyə 1.7 mlrd. kub-metr, Gürcüstana isə 0.7 mlrd. kub-metr qaz ixrac olunub.