2021-ci ildə Azərbaycanın ixrac edilmiş məhsullarının ümumi dəyəri $22.2 mlrd., idxal edilmiş məhsullarının dəyəri isə $11.7 mlrd. olmaqla, ümumi xarici ticarət dövriyyəsinin həcmi $33.9 mlrd. olub. Ötən il İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan ikinci ölkə – Türkiyə ilə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi təxminən $4.7 mlrd. olub ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur. 2021-ci ildə Türkiyənin Azərbaycandan etdiyi idxalın həcmi 2020-ci illə müqayisədə 8.5% artaraq $2.8 mlrd.-a, Azərbaycana ixracatının həcmi isə 18% artaraq $1.8 mlrd.-a çatıb. 2021-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmində Türkiyənin payı 13.8% olub.
Neft-qaz Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların siyahısında birinci yerdədir. Azərbaycandan Türkiyəyə pambıq, pambıq ipliyi, alüminium və alüminium məmulatları, mis və mis məmulatları ilə yanaşı, gübrələr, dəmir və polad məmulatlarının ixracı da getdikcə artır. Türkiyənin Azərbaycana ixracatında məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif maşın və texnikalar üstünlük təşkil edir.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini $15 mlrd.-a çatdırmaq niyyətindədir.
Pandemiya iki ölkə arasındakı ticarət dövriyyəsinə təsirsiz ötüşməyib, lakin 2021-ci ildə ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəni üstələyib: 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi $4 mlrd. 509 mln. təşkil etdiyi halda, 2020-ci ildə pandemiya ilə əlaqədar bu həcm 7.7% azalaraq $4 mlrd. 161 mln.-a enmişdi. 2021-ci ilin göstəricisi isə pandemiyadan əvvəlki göstəricidən 3.4% çox olub.