Azərbaycan vətəndaşları vizasız rejimdə 63 ölkəyə səfər edə bilər.
Bu barədə “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi – 2018” reytinqində qeyd olunub.
Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb.
Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir.
Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır. Bu ölkənin pasportu ilə dünyanın 177 ölkəsinə vizasız səfər etmək mümkündür. İkinci yerdə Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilər. Üçüncü yeri Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa, İsveç, Yaponiya bölüşüb. Bu ölkələrin pasportu ilə 175 ölkəyə vizasız getmək olar.
Reytinqdə sonuncu yerdə 24 ölkəyə vizasız səfər etmək imkanı olan Əfqanıstan qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər. Ötən ilin reytinqində Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.