Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərəcək.
Bakı şəhəri tərəfindən 66 ton, Gəncə şəhəri tərəfindən isə 35 ton olmaqla ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın ölkəmizdəki səfiri, Bakı və Gəncə şəhərləri icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Hökuməti, həmçinin Bakı və Sumqayıt şəhərləri tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.