Azərbaycan Ümumi Tranzit Konvensiyasına qoşulacaq.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən, Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması məsələsi vacibdir: “Çünki Türkiyə artıq bu konvensiyanın istifadəçisidir və Gürcüstan da yaxın gələcəkdə qoşulacaq. Bu imkan verəcək ki, Avropa İttifaqına və əks istiqamətə yükdaşımalar daha rahat formada həyata keçirilsin”.
DGK sədri qeyd edib ki, Azərbaycan malların müvəqqəti idxalı üzrə ATA karneti haqqında Konvensiyaya (ATA Konvensiyası) da qoşulmaq üzrədir: “Azərbaycanın milli qanunvericiliyinə əsasən, ölkəmizə müvəqqəti qaydada gətirilən mallar müəyyən gömrük rüsumlarından azad edilir. ATA konvensiyasındakı tələblər demək olar ki, bizim qanunvericiliyimizdə var. Lakin daha beynəlxalq səviyyəli alətlərin tətbiq olunması üçün bu konvensiyaya da qoşulmaq ərəfəsindəyik”.