“Bir maşın yükün İran üzərindən daşınması Azərbaycanla müqayisədə nəzərəçarpacaq qədər ucuzdur”.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyanın (ASK) tərkibində fəaliyyət göstərən Nəqliyyat və Logistika məsələləri ilə İş Komissiyasının sədri Kamran Həbibov deyib.
Onun sözlərinə görə, Azərbaycan tranzit ölkə kimi cəlbediciliyini həmişə qoruyub saxlamalıdır: “Həddindən artıq Orta Asiya mallarının hərəkəti hazırda ölkəmizdən kənarda reallaşır, halbuki, ən yaxın ölkə bizik. Məsələn, Amerikadan Orta Asiya ölkələrinə gələn mallar Rusiyaya, Peterburqa, Polşaya, Baltikyanı ölkələrə istiqamətlənir və orada yüklənərək Orta Asiya ölkələrinə çatır. Nə qədər “qara yol” qısalsa, daşınma o qədər ucuz olmalıdır. Dəniz vasitəsilə biz Orta Asiyaya daha yaxınıq, amma daşınmada daha bahayıq. Bunu araşdırmaq lazımdır, bir neçə dəfə bu məsələlər müxtəlif səviyyələrdə qaldırılıb”.
K,Həbibov onu da qeyd edib ki, Azərbaycanda sabitlik, mövcüd infrastruktur yüklərin daşınması üçün əlverişli hesab oluna bilər. O, həmçinin Azərbaycandan keçən yüklərin sığorta edilməsi sisteminin təkmilləşdirilməsinə dair səslənən fikirlərə də münasibət bildirib: “Sığorta sahəsində müəyyən edilmiş qiymətlər çox da baha deyil. 100 min dollarlıq malın sığortası 400 dollar yəni, yükün dəyərinin 0,4%-ni təşkil edir. Biz bütün qaydaları, bütün iş prosesini müştərilərimizə başa salırıq. Razıyam ki, işçilərin beynəlxalq səviyyədə maarifləndirilməsinə ciddi ehtiyac var. Beynəlxalq yükdaşımaları, ona aid sığortaları qiymətləndirməyi bacarmırıq. Alıcı şirkətlər sığortanı artıq xərc kimi qəbul edirlər, halbuki yükün sığortlanması vacib şərtlərdən biridir və riskləri qarşılamağa imkan verir”.