Azərbaycan və ABŞ-ın birgə neft şirkəti “Caspian Drilling Company” MMC – Kaspian Drlliniq Kompani (CDC) 2021-ci ildə 64.4 milyon manat zərər edib. Buna əsas səbəb isə onun gəlirlərinin kəskin enişdir.
Banker.az xəbər verir ki, bu barədə “Ernst and Young” audit şirkətinin müstəqil audit rəyində qeyd edilir.
“Caspian Drilling Company” 1996-cı ildən fəaliyətdədir və onun səhmlərinin 92.44%-i Dövlət Neft Şirkəti (SOCAR) və 7.56%-i isə ABŞ-ın “Union Grand Enerji PTE. Ltd.” şirkətinə məxsusdur. Şirkət üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi, dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak edilməsi və “İstiqlal” və “Dədə Qorqud” yarımdalma qazma qurğularından istifadə edərək neft və qaz quyularının qazılması və onların təmiri işlərinin həyata keçirilməsi fəaliyəti ilə məşğuldur.
Audit rəyində qeyd edilir ki, “Caspian Drilling Company” MMC-nin gəlirləri 2021-ci ildə cəmi 129.17 milyon manat təşkil edib. Bu da illik müqayisədə 54 faizdən çox azalmadır. Satışların maya dəyəri isə 126.65 mln. manat olub (2020: 166.67 mln. idi) ki, bu da onun ümumi mənfəətini 115.32 mln. manatdan 2.52 mln. manata qədər azaldıb.
Şirkətin ümumi və adminstrativ xərclərinin həcmi 14.19 mln. manat (21.04 mln. manat) olmaqla və əlavə 49.47 mln manatlıq əməliyyat xərcləri yaranmışdır.
2021-ci ildəki zərərin ardından Azərbaycan-Amerikan şirkətinin bölüşdürülməmiş mənfəətini 368.18 mln. manatdan 303.79 mln. manata qədər endirib.