Cari ilin yanvar–avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi təxminən 274 milyon dollara çatıb.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda çıxışı zamanı deyib.
AZPROMO nümayəndəsinin sözlərinə görə, ötən ilin iyun ayında keçirilmiş Azərbaycan–Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclasında təsdiqlənən 2024–2025-ci illər üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl şəkildə icrası iki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafına təkan verir.
“Azərbaycanın Belarusa ixracı 77 faiz artaraq 52 milyon dollara çatıb. Azərbaycan iki ölkə arasında biznes əməkdaşlığının daha da möhkəmlənməsi üçün bütün maraqlı tərəflərə hərtərəfli dəstək göstərməyə hazırdır. 2025-ci il sentyabrın 1-nə olan məlumata əsasən Azərbaycanda sənaye, ticarət, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərən 127 Belarus şirkəti qeydiyyatdan keçib, onlardan 85-i aktiv fəaliyyət göstərir. Azərbaycanda traktor parkının 80 faizədək hissəsini Belarus istehsalı olan texnikalar təşkil edir ki, bu da iki ölkə arasında sənaye tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir”, – deyə Tural Hacılı qeyd edib.