13 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycan və Cənubi Koreya əmanətlərin sığortalanmasında əməkdaşlıq edəcək

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilə Cənubi Koreyanın Əmanətlərin Sığortalanması Korporasiyası (KDIC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Banker.az ƏSF-yə istinadən xəbər verir ki, sənədi qurumun icraçı direktorunun müavini Akşin Cahangirov, KDIC-nin sədri və prezidenti Dr. Yoo Jaehoon imzalayıb.

Memorandum ƏSF və KDIC arasında əmanətlərin sığortalanması sahəsində birgə beynəlxalq əməkdaşlığı təşviq etmək, eləcə də, Korporasiyasının qabaqcıl təcrübəsindən yararlanaraq ƏSF-nin ləğvetməsində olan bankların ləğv prosesinin çevik və sürətli şəkildə başa çatdırılması prosesini təkmilləşdirmək, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafını gücləndirmək və maliyyə savadlılığını artırmaq məqsədi daşıyır.

Sənəd çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəfləri əmanətlərin sığortalanması sisteminin inkişafına müsbət töhfə verilməsi, ƏSF-nin KDIC-nin qabaqcıl təcrübəsindən yararlanmaqla, bankların ləğv prosesinin optimallaşdırılmasını həyata keçirmək məqsədilə Fondun insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstək göstərilməsi, aktivlərin idarəedilməsi prosesinin səmərəliliyinin artırılması və kompensasiyaların ödənilməsinin sürətləndirilməsidir.

Bundan əlavə, zəruri hesab edildiyi təqdirdə təcrübə mübadiləsinin həyata keçirilməsi və əmanətlərin sığortalanması sistemi üzrə çoxistiqamətli araşdırmaların aparılması məqsədilə ƏSF-nin və Korporasiyanın insan resurslarından ibarət birgə tədqiqat qrupu yaradılacağı nəzərdə tutulur.

Xatırladaq ki, ƏSF Əmanətlərin Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) ABŞ-də keçirilən İllik Ümumi Yığıncağında tam səsvermə hüququna malik təşkilat olaraq Assosiasiyanın yeni prezidentinin və icraedici şurasının tərkibinin seçilməsi üçün səsvermədə iştirak edib. Əlavə olaraq, ƏSF aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək və öz fəaliyyətində tətbiq etmək üçün beynəlxalq qurumlarla əlaqələrin daha da genişləndirilməsi məqsədilə çoxillik və peşəkar fəaliyyət strategiyasına malik olan Türkiyə, İspaniya, Fransa, Qazaxıstan və Özbəkistan kimi ölkələrin nümayəndə heyəti ilə işgüzar görüşlər həyata keçirib. Görüşlər zamanı, adıçəkilən ölkələrin nümayəndə heyəti ilə ƏSF-nin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri, habelə maliyyə innovasiyaları, kiber təhlükəsizlik və məlumatların qorunması, o cümlədən maliyyə sistemində cərəyan edən ən aktual mövzular haqqında ətraflı müzakirələr aparılıb. Risklərin idarə edilməsi üzrə ən aparıcı maliyyə, konsaltinq və təlim xidmətlərini həyata keçirən institut-Toronto Mərkəzinin (Toronto Centre) rəhbəri Babək Abbaszadə ilə Azərbaycanda maarifləndirici tədbirlərin keçirilməsi, əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, müasir dövrün başlıca tələbi olan rəqəmsallaşma sahəsində yeni addımların atılması mövzuları haqqında müzakirələr aparılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər