Azərbaycan Gürcüstanla startapların maliyyələşdirilməsi üzrə birgə investisiya fondlarının yaradılması üzrə danışıqlar aparır.
Bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, danışıqlar eyni zamanda, Azərbaycanda və Gürcüstanda yaradılan startapların regional bazarlara çıxışının təmin edilməsini əhatə edir.
“Biz Azərbaycanda startapların maliyyələşməsinə çox böyük diqqət ayırırıq. Nazirlik olaraq müxtəlif həm özəl, böyük korporasiyalarla, yerli korporasiyalarla, həm də kiçik venture studiyalarla danışıqlar aparılır ki, startapların maliyyələşməsi üzrə kiçik və böyük fondlar yaradılsın. Bu baxımdan, startapların maliyyələşməsinin regional aspekti də var. Bu ondan ibarətdir ki, bildiyiniz kimi adətən kiçik, yerli bazar üçün yaranan startaplar çox böyük maliyyə cəlb edə bilmir. O baxımdan vacibdir ki, bu startapların geniş bazarlara çıxışı olsun. İlk növbədə qonşu ölkələrdə olan bazarlar. Biz də Gürcüstanda bu danışıqları aparırıq ki, birgə investisiya fondlarının yaradılmasını, birgə layihələrin yaradılmasını dəstəkləyək və həm Azərbaycanda həm Gürcüstanda yaranan startaplar hər iki bazara çıxış əldə edə bilsinlər”, – nazir müavini bildirib.