Azərbaycan və Gürcüstanın Qəbələdəki birgə şirkəti “Gabala Beverage Company” MMC-nin nizamnamə kapitalı artırılıb. Şirkətin nizamnamə kapitalı 12.3 milyon ABŞ dollarından 15 milyon ABŞ dollarına qaldırılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu 23%-lik artımdır.
Kapital artımı şirkətin Qəbələ rayonunda həyata keçirdiyi alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodu layihəsi çərçivəsində aparılan investisiyaların genişləndirilməsi ilə bağlıdır.
“Gabala Beverage Company” MMC 2019-cu ildə təsis edilib və şirkət yaradılarkən nizamnamə kapitalı cəmi 100 manat təşkil edib. Sonrakı illərdə layihənin miqyasının genişlənməsi fonunda kapital mərhələli şəkildə artırılıb.
Xatırladaq ki, şirkət İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş “Azərbaycan İnvestisiya Şirkəti” ASC) ilə Gürcüstanın “Georgian Beer Company Ltd” şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında yaradılıb. Şirkətininin təsisçisi Sezar Çöçellidir.
Hazırda Qəbələ rayonunda inşa edilən, qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodunun illik istehsal gücü 147 milyon litr təşkil edəcək. Layihə çərçivəsində rəqabətqabiliyyətli məhsulların istehsalı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun artırılması nəzərdə tutulur.







