Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.
Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.