14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.
Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.