“Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələri üçün komponentlərin istehsalı üzrə birgə müəssisə yarada bilər”.
Bunu Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı Dəyirmi masada Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun rəhbəri Milana Bazarova deyib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın bu istiqamətdə böyük potensialı var və bu təşəbbüs qarşıya qoyulan məqsədlərə nail olmağa kömək edəcək: “Özbəkistan qarşıdakı bir neçə ildə bərpa olunan enerji istehsalını 25 min meqavata çatdırmağı hədəfləyir. Yəni 2025-ci ilə qədər 10 günəş və külək elektrik stansiyasının tikintisi gözlənilir. 2026-cı ilə qədər isə təxminən üç giqavata qədər enerji istehsalı planlaşdırılır. 2030-cu ildə bu, 8 giqavata çatacaq”.
Onun sözlərinə görə, bərpa olunan enerji sektoru həm Özbəkistan, həm də Azərbaycan üçün strateji inkişaf istiqaməti kimi aktualdır: “Bunu nəzərə alsaq, komponentlərin istehsalı üzrə birgə müəssisənin yaradılması məqsədəuyğun olardı”.
O əlavə edib ki, ölkələr dünyada getdikcə populyarlaşan “hidrogen iqtisadiyyatı” sahəsində də əməkdaşlıq edə bilər.