Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində hazırda iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Onun sözlərinə görə, saziş imzalandıqdan sonra bir sıra Pakistan məhsullarının Azərbaycan bazarına daxil olması asanlaşdırılacaq: “Yəni, saziş imkan verəcək ki, bir sıra Pakistan məhsulları Azərbaycan bazarına aşağı gömrük tarifləri ilə daxil olsun. Eyni qaydada, bir sıra Azərbaycan istehsalı olan məhsulların Pakistan bazarına daxil olmasını asanlaşacaq. Bu sazişin imzalanması Azərbaycanla Pakistan arasında ticarətin inkişafına səbəb olacaq. Preferensial Ticarət Sazişi həqiqətən də Azərbaycan və Pakistan biznesi üçün çox faydalı olacağını düşünürəm”.
B. Haye əlavə edib ki, Pakistan məhsulları çox keyfiyyətlidir: “Bir çox Pakistan məhsulları ölkəyə gətirilə bilər. Bunlar düyü, manqo, həmçinin aqrar məhsulları ola bilər. Bununla yanaşı, Pakistanın idman məhsulları, tikinti məhsulları da çox keyfiyyətlidir”.
Səfir deyib ki, Azərbaycan biznes nümayəndələrinin Pakistana dəvət edilməsi nəzərdə tutulub: “Biz dünən Bakıda Pakistanın biznes imkanlarının təqdimatına həsr edilmiş tədbir təşkil etdik. İndi isə gözləyirik ki, Azərbaycandan nümayəndə heyəti Pakistana səfər etsin. Beləliklə, bu qarşılıqlı əməkdaşlıq ölkələrarasında biznes imkanlarını artıracaq. Hər iki ölkənin hökumətləri iki ölkə arasında mövcud olan biznes imkanlarının asanlaşdırmaqla bağlı öhdəliyinə sadiqdir”.
Pakistanın rəsmi nümayəndəsi qeyd edib ki, mayın 7-də Pakistanın biznes imkanlarına həsr edilmiş tədbirin iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında xüsusi rola malikdir: “Bu, pandemiyadan sonra Pakistandan Azərbaycana gələn ən böyük heyyətdir. Nümayəndə heyəti Pakistanın İslamabad Ticarət və Sənaye Palatasından idi. Palatada müxtəlif sektorların nümayəndələri təmsil olunurlar. Onlar Azərbaycan biznes nümayəndələri ilə ikitərəfli görüşlər təşkil edəcəklər. Pakistan şirkətləri Azərbaycan tərəfi ilə biznes imkanlarını, ortaq layihələrdə fəaliyyət istiqamətlərini, investisiya imkanlarını müzakirə edəcəklər. Sözügedən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın sədri Orxan Məmmədov, AZPROMO-nın sədri Yusif Abdullayev iştirak ediblər. Bu, Azərbaycan hökumətinin ikitərəfli biznes əlaqələrinə dəstəyini göstərir. Ümid edirəm ki, hər iki tərəf üçün məhsuldar görüşlər təşkil ediləcək”.
O, iyunun 6-dan İslamabadla Bakı arasında birbaşa aviareyslərin açılmasına münasibət bildirib: “Bu aviareysin açılması iki ölkə arasında turizmin inkişafı baxımından gözəl addımdır. Hazırda həmçinin Pakistanın Lahor şəhərinə də birbaşa aviareyslər təşkil edilir. Bilirik ki, çoxlu sayda pakistanlılar Azərbaycana turizm və biznes üçün gəlirlər. Ona görə də aviareyslərin açılması hər iki ölkədən insanları biraraya gətirmək üçün gözəl imkan yaradır”.
Səfir Azərbaycanın Pakistanda Ticarət Evi açmaq istəyinə münasibət bildirərkən qeyd edib ki: “Azərbaycan hökuməti Pakistanda Ticarət Evini açmaq üçün bu fürsəti araşdırmalıdır və biz buna kömək etməyə hazırıq”.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azerbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
Pakistanla Azərbaycan arasında 2021-ci ildə ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Pakistana ixrac il ərzində 55,4 % azalaraq 738,67 min ABŞ dolları, idxal isə 2020-ci illə müqayisədə 5,4 % azalaraq 10 milyon 991 min ABŞ dolları təşkil edib.
2022-ci ilin 4 ayında ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 9 milyon 632 min ABŞ dolları təşkil edib. Pakistana ixrac il ərzində 52,2 % artaraq 268,37 min ABŞ dolları, idxal isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 9 milyon 364 min ABŞ dolları təşkil edib.