Portuqaliyanın paytaxtı Lissabon şəhərində “Azərbaycan və Portuqaliya arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib.
Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Portuqaliya tərəfindən isə həmin ölkənin Maliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Müzakirələrdə çıxış edən Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, Konvesiyanın imzalanması hər iki ölkənin sərmayəçilərinə əlverişli biznes şəraitinin, vergi mühitinin yaradılması, qarşılıqlı məlumat mübadiləsi və vergi borclarının yığılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dörd gün davam edən danışıqlar nəticəsində Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə olunub.
Səfər çərçivəsində Portuqaliyanın Vergi və Gömrük Təşkilatının səlahiyyəti şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Müzakirələr zamanı müxtəlif ölkələrin qabaqcıl təcrübələri nəzərdən keçirilib və tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.