Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icra edilməsi və nəzərdə tutulan planların həyata keçirilməsi barədə razılığa gəliblər.
Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bununla bağlı razılıq kənd təsərrüfatı üzrə işçi qrupunun ilk iclasında əldə olunub.
Videokonfrans formatında keçirilmiş iclasda iki ölkənin kənd təsərrüfatı nazirlərinin müavinləri Elçin Zeynalov və Ermek Kenjehanulı iştirak ediblər.
“Görüşdə aqrar sektorda ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İşçi qrupun yaradılmasının qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldiyi qeyd olunub. Tərəflər kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsini müzakirə ediblər. Qeyd olunub ki, 2024-cü ildə bu seqmentdə əmtəə dövriyyəsi 2023-cü illə müqayisədə 5,6 % artaraq 78,6 milyon ABŞ dolları təşkil edib”, – məlumatda vurğulanıb.
Həmçinin bildirilib ki, 2024-cü ildə Qazaxıstanın kənd təsərrüfatı məhsulları ixracı 64,2 milyon ABŞ dolları (ümumi əmtəə dövriyyəsinin 81,6 %-i) təşkil edib. 2024-cü ildə Bakı taxıl terminalı vasitəsilə Qazaxıstan taxılının Azərbaycana tədarükü 1,5 milyon tona çatıb.
“Tərəflər həmçinin Qazaxıstandan Azərbaycana kənd təsərrüfatı heyvanlarının damazlıq materiallarının tədarükü perspektivlərini müzakirə edib. Görüş iştirakçıları kənd təsərrüfatı bitkilərinin toxumlarının mübadiləsində, elmi konfranslarda iştirakda, həmçinin iki ölkənin aqrar universitetləri arasında birgə təhsil proqramlarının və ikili diplom təhsilinin inkişafında maraqlı olduqlarını bildiriblər”, – məlumatda qeyd olunub.