Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Virgil Daniel Popesku arasında görüş olub.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə SOCAR-ın Rumıniyanın 26 regionunda 68 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti faydalı ikitərəfli enerji əlaqələrinin göstərici kimi dəyərləndirilib.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində təbii qazın tədarükü və “yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi kimi enerji əməkdaşlığımızın prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İşçi Qrupunun fəaliyyəti və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin Gürcüstan enerjisistemini Rumıniya və Avropa enerjisisteminə birləşdirməklə Şərqi Avropa bazarının münasib qiymətə elektrik enerjisinə çıxışına töhfə verəcəyi bildirilib.
Həm Cənub Qaz Dəhlizi, həm də “yaşıl” enerji dəhlizi ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığına strateji əhəmiyyət qazandıracağı qeyd edilib.