18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycan və Rusiya arasında yüksək riskli qida məhsulları ilə bağlı razılaşma əldə olundu

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb.

Görüş zamanı qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində, həmçinin cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiyanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aparılan müzakirələrdə bitki karantini və mühafizəsi, baytarlıq və fitosanitar nəzarəti, transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahələrində əməkdaşlığa dair saziş və anlaşma memorandumları diqqət mərkəzində olub.

Görüş iki ölkə arasında qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliliyinin tanınması və yüksək riskli qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin qeydiyyatı ilə bağlı əməkdaşlığın genişləndirildiyi bildirilib. Həmçinin Agentlik sədri ilə “Rosselxoznadzor”un rəhbərinin görüşünün nəticəsi olaraq ölkəmizdə istehsal olunan yüksək riskli qida məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı razılaşma əldə olunub.

O cümlədən görüş zamanı Naxçıvan Muxtar Respublikasında istehsal edilən yüksək riskli qida məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Muxtar Respublikada istehsal olunan bu məhsulların Rusiya Federasiyasına ixracı ilə bağlı ümumi razılıq əldə edilib. Bu isə Naxçıvan Muxtar Respublikasında qida sahəsində fəaliyyət göstərən müəssisələrin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, qida sənayesinin inkişafına geniş imkanlar yaradacaq.

Son xəbərlər
Digər xəbərlər