Yaxın zamanda Sudanla Azərbaycan arasında ilk dəfə siyasi əlaqələri müzakirə etmək üçün toplantı keçiriləcək.
Bu barədə Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Sudan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü qeyd edilir:
“İki dövlət arasında səfərlərin, qarşılıqlı əlaqələrin artmasına təkan vermək üçün müzakirələr aparılacaq. Xatırladım ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər, energetika, elm və təhsil nazirləri ilə görüşmüşük”.
Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.
Çevik reaksiya qüvvələrinin Əl-Faşir şəhərini zəbt etməsindən sonra 2000-dən çox mülki şəxsin öldürüldüyü bildirilir.






