Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb.
Niyyət Bəyannaməsi kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüş çərçivəsində imzalanıb.
Sənədə əsasən tərəflər heyvan xəstəlikləri ilə bağlı mübarizə sahəsində təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, heyvanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədqiqatların və nəzarət tədbirlərinin həyata keçirilməsi, heyvandarlıq sahəsinə sərmayələrin cəlb olunması, bu sahədə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi və təşviq edilməsi barədə razılıq əldə ediblər.
M. Məmmədov bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir.
İ. Yumaklı isə öz növbəsində ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu ifadə edib.
Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüş zamanı kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar, aqrar təhsil, heyvandarlıq, heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi, baytarlıq sahəsində mütəxəssislərin yetişdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.