10 C
Baku
Thursday, November 28, 2024

Azərbaycan və Türkiyə arasında “Şahdəniz-1” üzrə yenilənmiş saziş ilə bağlı tədarükün həcmləri açıqlanıb

Azərbaycan və Türkiyə arasında bu gün imzalanan “Şahdəniz-1” yatağından Azərbaycan qazının tədarükünə dair uzadılmış sazişə əsasən, 2030-cu ilə qədər Türkiyəyə tədarükün həcmi ildə 3,5 milyard kubmetr təşkil edəcək.

Bu barədə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

“Şahdəniz” yatağının birinci mərhələsindən Türkiyəyə təbii qazın tədarükü 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə başlanıb.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Şahdəniz-1” çərçivəsində ildə 3,7 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər