Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə edib.
Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.
Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirib. Dövlət başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan bu əlavə dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümü olduğunu diqqətdə çatdırıb.
Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.
Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.