Türkiyə “TEKFEN”nin və Azərbaycan SOCAR-nın birgə müəssisəsi olan və neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirən “AZFEN” Birgə Müəssisəsinin ötən il üzrə gəlirləri kəskin artıb, işini böyük xalis mənfəətə keçirib.
Bu barədə Banker.az-ın əldə etdiyi sənəddə bildirilir.
“AZFEN” 2021-ci ildə illik müqayisədə illik gəlirini 97% artımla 716 milyon manata çatdırıb. Onun satışlarının maya dəyəri isə 559 milyon manat olduğunu nəzərə alsaq, ümumi mənfəəti 157 milyon manat təşkil edib, hansı ki, öncəki ildə onun ümumi mənfəəti cəmi 17 milyon manat idi. Bu böyük bir fərqdir.
Gəlirlər yüksəldiyi bir dövrdə optimallaşmaya getməsi onun xərclərini 12 milyondan 8 milyona salıb.
32 milyon manat isə mənfəət vergisi ödəyib.
Bləliklə, 2021-ci ildə “AZFEN” 111 milyon manatlıq xalis mənfəət əldə edib ki, öncəki ildə isə 13 mln. manatlıq zərər etmişdi.
1 yanvar 2022-ci il tarixinə onun 156 milyon manat xalis aktivi olub.
1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və “TEKFEN İnşaat və Təsisat A.Ş.” (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.
Yaradılmasında məqzəd neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Şirkət irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirir.