Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
“Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Xoş sözlərə görə cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır. Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq.
Prezident qeyd etdiyi kimi, yaxın gələcəkdə biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik, fevralın 6-da. Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.
Xalqlarımızı dostuq əlaqələri birləşdirir və bildiyiniz kimi, Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var. Bu hörmətin əlamətini Bakı şəhərində də görmək olar. Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə ucaldılmışdır və onun adına olan parkda həm Bakı sakinləri, həm şəhərimizin qonaqları istirahət edirlər. Eyni zamanda, Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır. Yəni, bu faktlar özlüyündə onu göstərir ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq.
Bu gün geniş müzakirə etdiyimiz məsələlər haqqında Prezident artıq öz çıxışında bildirdi. Əlavə etmək istəyirəm ki, müzakirə etdiyimiz bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Həm birgə hökumətlərarası komissiyasının rəhbərliyinə, həm aidiyyəti qurumların rəhbərlərinə və əminəm ki, iki aydan sonra birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq.
Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.
Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.
Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.
Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.
Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun.
Sonra Ukrayna dövlətinin başçısı bəyanatla çıxış edib:
– Çox sağ olun.
Sabahınız xeyir, hörmətli jurnalistlər, hörmətli qonaqlar.
Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Bu gün mən məmnuniyyətlə Kiyev şəhərində bizim etibarlı tərəfdaşımız, mənim dostum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini salamlayıram. Onun səfəri böyük rəmzi xarakter daşıyır, xüsusi bir səfərdir. Əslində, bizim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər baş tutur.
Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri – Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq.
Biz, həmçinin təbii ki, münasibətlərimizin gücləndirilməsinə xüsusi diqqət yetirəcəyik. Kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır.
Əlbəttə, biz bilirik ki, pandemiya qlobal səviyyədə hələ davam edir. Lakin COVID-19-a baxmayaraq, əslində, 7 il ərzində ilk dəfə olaraq bizim ikitərəfli ticarətimizin dövriyyəsi təxminən artıq 1 milyard dollara çatıb. Bu, bizim qarşımızda daha mühüm məqsədlər qoymağa imkan yaradır. 2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planımız var. Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər.
Biz, həmçinin bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəldik. Azərbaycan və Ukrayna prezidentləri bu məsələyə də öz dəstəyini veriblər. Biz, həmçinin tranzit potensialını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq.
Yekun olaraq, icazə verin, cənab Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürümü bildirim. Onlar, həmçinin mənim Sizin ölkənizə səfərimi xatırlatdılar. Bizə göstərilmiş qonaqpərvərlik hələ də yadımdadır və hesab edirəm ki, məhz bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində biz yeni səhifəni açacağıq.
Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var.
Bir daha, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram.