9 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycan vətəndaşları Avropa ölkələrinə rahat viza ala bilirmi?

Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinliklərlə üzləşirlər.

Bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov bildirib.

Onun sözlərinə görə, əksər vətəndaşlar səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətçidir.

“Məsələn, Macarıstana viza almaq istəyənlərə süni əngəllər yaradılır, onlardan əlavə sənədlər istənilir. Vətəndaş iş yerindən arayış və ban hesabından çıxarış təqdim etdiyi halda, ondan vergi ödənişinə dair arayış, eləcə də alınmış aviabilet tələb olunur. Halbuki, vizanın verilməsi ilə bağlı qeyri-müəyyənlik olduğu üçün aviabiletin bron edilməsi normaldır.

Fransa, İspaniya, İsveç, Belçika, Niderland və Lüksemburqa səfər etmək istəyənlər üçün isə sənədlərin kuryer vasitəsi ilə çatdırılması məcburidir. Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist viza hazır olduqdan sonra sənədlərini özü götürə bilmir. Koronavirus (COVID-19) pandemiyasının başa çatmasına baxmayaraq, kuryer xidməti üçün 17 manat haqq ödəmək lazımdır. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Əlavə xidmət haqları da var və onlar əsaslandırılmır.

Çexiya, Latviya, Norveç və İrlandiyaya viza almaq istəyənlərin isə görüş günü ilə bağlı sıxıntıları var. Bu da müştərilərin haqlı narazılığına səbəb olur.

Almaniyaya səfər etmək istəyənlər isə əksər hallarda mənfi cavab alırlar. Az büdcəli turistlərə Almaniya səfirliyində demək olar ki, yer yoxdur.

İtaliya səfirliyində də görüş günü və vizanın verilməsi ilə bağlı ciddi problem var. Müraciət edənlərin təxminən 50 %-i viza ala bilir. Təhsil vizası da çətinliklə verilir. Bu ölkədə universitetə qəbul olunmaq ora viza almaqdan rahatdır.

Polşa səfirliyində də görüş günü ilə bağlı problemlər var. Gün təyin etmək üçün sistem demək olar ki, həmişə bağlı olur. Həftədə 1 dəfə və ya ayda 4 dəfə həmin sistem qısa müddətə açılır, bu da turistlərdə çaşqınlıq yaradır. Bəzən bir həftə öncə qeydiyyatdan keçmiş şəxsə görüş günü bir ay öncə qeydiyyatdan keçmiş müştəridən daha tez təyin olunur. Bundan əlavə, iki ailə üzvü üçün eyni vaxtda görüş günü götürmək mümkün deyil.

Böyük Britaniya səfirliyindən viza müraciəti ilə bağlı cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec müddətə gəlir. Bu səfirlikdə orta büdcəli turistlər qəbul edilmir. Çox yüksək əmək haqqı və ya gəlirləriniz olmalıdır ki, bu ölkə sizə turistik viza verməkdə maraqlı olsun.

Bəzi səfirliklər isə vətəndaşın qalacağı hotelin ödənilmiş çekini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır. Ödənişi edəndən sonra viza verilməməsi ehtimalı narahatlıq yaradır”, -deyə ekspert qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər