2023-cü ildə 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 45,4 % çoxdur. Bununla da Azərbaycan vətəndaşları Rusiyaya səfər edən əcnəbilər arasında ilk 10-luqda qərarlaşıb.
Ümumilikdə isə ötən il Rusiyaya gedən xarici turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 18,6 % artaraq 15,48 milyon nəfər təşkil edib.
Ötən il Rusiyaya daha çox səfər edən, bu siyahıda ilk yeri tutan Qazaxıstan vətəndaşları olub. Belə ki, 2023-cü ildə 3,16 milyon Qazaxıstan vətəndaşı Rusiya sərhədini keçib. Bu da 2022-ci ilə nisbətən 26,7 % çoxdur.
İkinci sırada Özbəkistan vətəndaşları qərarlaşıb. Ötən il 3,11 milyon Özbəkistan vətəndaşı Rusiyaya səfər edib ki, bu da daha əvvəlki ilə nisbətən 51,8 % çoxdur.
İlk üçlüyə Tacikistan da daxildir. Ötən il 2,15 milyon Tacikistan vətəndaşı Rusiyaya səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 36,1 % çoxdur.
Növbəti yerləri Qırğızıstan və Çin vətəndaşları tutublar. 2023-cü ildə Rusiyaya 1,14 milyon Qırğızıstan və 790 min Çin vətəndaşı səfər ediblər. Bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 31,6 % və 6,1 dəfə çoxdur.