2025-ci ilin ilk 10 ayında Azərbaycandan hazır siqaretin ixrac həcmi 2 mlrd. 379 mln. ədəd, ümumi dəyəri isə 37.23 mln. dollar təşkil edib. Bunun da 33 mln. dolları Sumqayıt Kimya Sənaye Parkının rezidenti “TABATERRA” QSC-nin payına düşür.
Banker.az xəbər verir ki, ötən ilin eyni dövründə 1 mlrd. 763 mln. ədəd və 27.79 mln. dollar olub. Beləliklə, miqdar baxımından artım 35%, dəyər baxımından isə 34% təşkil edib.
Hər 1000 ədədin orta qiyməti 2024-cü ildə təxminən 15.77 dollar ədəd idisə, 2025-ci ildə 15.64 dollar olub, yəni orta qiymət sabit qalıb.
2025-ci ildə əsas alıcı Gürcüstana 1 mlrd. 932 mln. ədəd siqaret ixrac olunub, dəyəri 33.04 mln. dollar, 2024-cü ildə isə bu göstəricilər müvafiq olaraq 1.484 mln. ədəd və 25.38 mln. dollar olub. Miqdar artımı 30%, dəyər artımı isə 30% təşkil edib.
Rusiyaya 2025-ci ildə ixrac 252.37 min ədəd, dəyəri isə 2.55 mln. dollar olub ki, bu miqdar baxımından 363%, dəyər baxımından isə 395% artım deməkdir.
Qırğızıstan bazarında isə əks tendensiya müşahidə olunur. Qırğızıstana ixrac illik müqayisədə 84% azalaraq 2025-ci ildə ixrac 13.6 min ədəd təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə dünyanın aparıcı tütün məmulatları istehsalçılarından biri olan “Japan Tobacco International” (JTI) ilə Azərbaycana məxsus “Tabaterra” QSC arasında strateji ixrac razılaşması imzalanıb. Razılaşmaya əsasən, JTI-yə məxsus “Sobranie”, “Winston” və “Camel” kimi qlobal brendlər Azərbaycanda – “Tabaterra”nın istehsal gücləri hesabına istehsal olunaraq Gürcüstan bazarına ixrac edilir.







