2025-ci ilin ilk 9 ayında Azərbaycanın mühərrik benzini idxalında ciddi artım müşahidə olunub.
Banker.az xəbər verir ki, 2024-cü ildə 55,8 min ton olan premium markalı 95 oktanlı mühərrik benzinin idxalı 2025-ci ilin ilk 9 ayında iki dəfədən çox artaraq 105,3 min tona çatıb. Dəyər ifadəsində 53,8 milyon dollardan 89,7 milyon dollara yüksəlib.
Artımın əsas mənbəyi Rusiya və Rumıniyadan gətirilən benzin olub. 2025-ci ildə 95 oktan benzinin orta idxal qiyməti 852 dollar/ton olub. Halbuki, 2024-cü ildə bu rəqəm 964 dollar/ton idi.
92 oktanlı benzinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz azalıb. 2024-cü ildə 87,8 min ton olan idxal 2025-ci ildə 83 min tona düşüb. Builki tədarükdə Litva, Bolqarıstan və Latviya kimi tədarükçülər olmayıb, bunun əvəzində Belarus və Rusiya üzrə həcmlər yüksəlib. 2025-ci ildə 92 oktan benzinin bir tonunun orta idxal qiyməti təqribən 885 dollardan 775.8 dollara düşüb.
98 oktanlı benzinin idxalında da artım müşahidə edilib. 2024-cü ildə 1536 ton olan idxal 2025-ci ildə 1 777 tona yüksəlib. Dəyər də 1,88 milyon dollardan 2,17 milyon dollara qalxıb. Orta qiymət isə 2024-cü ildə təxminən 1 226 dollar/ton olduğu halda, 2025-ci ildə 1225 dollar/ton civarında olub. Əsas tədarükçülər yenə Rusiya və Rumıniyadır.








