Azərbaycan noyabrda xaricdən qızıl alışını daha da kəskinləşdirib. Ölkə təkcə bir ayda 6.9 tonluq qızıl alıb və bu, öncəki ayları xeyli üstələmiş olub. Söhbət burada dövlətin deyil, ümumilikdə idxal edilmiş həcmdən gedir.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, qızılın bir kiloqramı ölkə üçün 85 690 ABŞ dolları və ya bir unsiyası 2 429 dollar olub.
Ölkə bu ilin aprelindən qızıl almağa başlayıb və həcmlər aydan-aya yüksəlib. Həmin tarixdən noyabra qədər ümumilikdə 34 083 kq qızıl alınıb və buna görə ölkəni 2.714 milyard dollar tərk edib.
Keçən ilin aprelindən noyabrına qədər olan məlumatlara görə, ölkəmiz qızılın böyük hissəsini Avstraliyadan alır – 15 183 kq üçün 1.199 mlrd. dollar. İkinci sırada 10 924 kq ilə (883.56 mln. dollar) ABŞ, üçüncü sırada 2 023 kq ilə (150.57 mln.) Kanada, dördüncü sırada 1 985 kq ilə (160.6 mln. dollar) Rusiya, beşinci sırada isə 1 919 kq ilə (169.1 mln.) Qazaxıstan dayanır.
Qızıl son illərdə geosiyasi risklərdən və güclü inflyasiyadan ehtiyat edənlər üçün cəlbedici limana çevrilib. Üstəlik, dünyanın əsas mərkəzi banklarının keçən ildən başlayaraq uçot faiz dərəcələrini azaltmağa başlaması qızılın investisiya üçün cəlbediciliyini daha qabarıq hala gətirib. Məsələn, keçən il bir unsiyası 2000 dollar ətrafında olan qızılın qiyməti ilin üçüncü rübünə 2700 dolların üzərinə yüksəlib. Bununla belə, Donald Trampın Ağ Evə prezident kimi geri dönməsi qiymətləri bir qədər soyudub və unsiya üçün 2500 dollara qədər ucuzlaşıb.
Ümumdünya Qızıl Şurasının məlumatına görə, bütün dünya üzrə mərkəzi banklar oktyabr ayında ümumilikdə 60 ton qızıl alıb ki, bu da bu ilin ən yüksək göstəricisidir. Qiymətli metalın alışında liderlər Hindistan Ehtiyat Bankı olub (27 ton), ikinci yerdə Türkiyə Mərkəzi Bankı (17 ton), üçüncü yerdə isə Polşa Mərkəzi Bankı qərarlaşıb (8 ton). Oktyabrın sonunda qlobal alışların 60%-ni bu üç mərkəzi bank həyata keçirib.
Metal qiymətlərinin davamlı artması fonunda mərkəzi banklar qızıl ehtiyatlarını daim artırır. Oktyabr ayında Kabo-Verde, Almaniya, Monqolustan, İordaniya, Sinqapur, Qazaxıstan, Tailand və Filippin istisna olmaqla, demək olar ki, bütün dünya mərkəzi bankları alışları artırıb.
Azərbaycanda əsas qızıl alışını həyata keçirən ölkənin suveren fondu Dövlət Neft Fondu sayılır. Son məlumatlara əsasən, 2024-cü ildə 30 sentyabr tarixinə, ARDNF tərəfindən 25.2 ton qızıl alınmışdır. Eyni zamanda 2024-cü ilin 3-cü rübündə 12.1 ton qızıl alışı həyata keçirilib.
Bununla belə, Azərbaycan qızıl istehsal etsə də, həmişəki qaydada onu İsveçrəyə sikkə şəkilində satır. Məlumat Dövlət Statistika Komitəsindən təqdim edilib. Bu ilin ilk 11 ayında İsveçrəyə Azərbaycandan 3 974 kq üzərində və ya 186.57 mln. dollar dəyərində qızıl satılıb.