Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 1 milyard 697.58 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin fevral ayında Azərbaycandan Türkiyəyə 815.73 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.12% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13.57%-i Azərbaycanın payına düşüb.
Azərbaycan fevralda Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qərarlaşıb. Birinci pillədə 34.37%-lə Rusiya, ikinci pillədə 16.99%-lə ABŞ, dördüncü pillədə 11.19%-lə Əlcəzair yer alıb.
Fevralda Türkiyəyə 6 milyard 11.56 milyon kubmetr qaz (2022-ci ilin fevral ayı ilə müqayisədə azalma 4.16%) ixrac edilib. 3 milyard 147.33 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 52.35%-i, azalma 12.92%), 2 milyard 864.23 milyon kubmetr (bütün ixracın 47.65%-i, artım 7.75%) isə LNG-nin payına düşüb.
Fevralda Türkiyəyə qaz ixracı 12 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Anqola, Əlcəzair, Fransa, Misir, Mozambik, Nigeriya, Norveç Trinidad və Tobaqo – LPG) həyata keçirilib.