Azərbaycan 2025-ci ilin yanvarında daha 8 ton qızıl almaqla indiyə qədər qeydə alınan ən böyük aylıq idxal həyata keçirib.
Banker.az xəbər verir ki, yanvar ayında ümumi həcmi 7 950.47 kq və ya təqribən 280 445 troy unsiya olan qızıl alışı həyata keçirilib. Azərbaycan idxal olunmuş qızıl üçün bir aya xaricə $689.95 milyon xərc çəkmiş olub.
Qızıl son illərdə geosiyasi risklər və yüksələn inflyasiya fonunda ABŞ dollarına qarşı güclü artım edib. Keçən ilin əvvəlində 2 000 dollar/unsiya olduğu halda, ilin sonuna 2 900 dollara qədər bahalaşıb. Yeri gəlmişkən, bu gün, 14 mart 2025-ci il tarixində qızılın fyuçersləri 3000 dollar/unsiyaya qalxmaqla tarixi maksimum yenilədi.
Banker.az tərəfindən tərtib edilən qrafikə əsasən, qızıl alışları 2024-cü ilin aprelindən başlayaraq 4 ton civarında idxal olunsa da, ilin son iki ayında 7 tona qədər yüksəlməklə ölkə tarixinin ən iri idxalına səbəb olub. Keçən il 9 aya ümumilikdə 41 078 ton və ya 3 mlrd. 312.9 mln. dollarlıq qızıl alınmışdı.
Qızıl son illərdə geosiyasi risklərdən və güclü inflyasiyadan ehtiyat edənlər üçün cəlbedici limana çevrilib. Üstəlik, dünyanın əsas mərkəzi banklarının keçən ildən başlayaraq uçot faiz dərəcələrini azaltmağa başlaması qızılın investisiya üçün cəlbediciliyini daha qabarıq hala gətirib.
Dünya Qızıl Şurası (WGC) qızıl tələbinin tendensiyalarına dair yeni hesabatında bildirib ki, qızıl tələbi 2024-cü ildə mərkəzi banklar və investorlar tərəfindən artırılaraq yeni rekorda çatıb. Ümumi qızıl tələbi illik 1% artaraq 4 974.5 tonla (metrik) tarixi maksimuma çatıb. Bu tələb dəyər baxımından da 382 milyard dollarlıq rekorda yüksəlib. Buna əsas səbəb geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda qiymətlərin rekord səviyyəyə qalxması və investorların təhlükəsiz liman aktivlərinə yönəlməsidir.
Qızıl tələbi dördüncü rübdə 111 milyard dollara çatıb. Bu güclü tələb yeni ilin əvvəllərində də davam edib və çərşənbə axşamı Avropa ticarət sessiyasının sonunda qızılın qiyməti 2 877.10 dollar/unsiya səviyyəsinə yüksələrək yeni rekorda imza atıb. Nyu-York Əmtəə Birjasında qızıl fyuçersləri ilin əvvəlindən bəri təxminən 8.9% artıb.
Mərkəzi bankların – xüsusilə inkişaf etməkdə olan bazarların banklarının – tələbi artımın əsas səbəbi olub və onların alışları üçüncü il ardıcıl olaraq 1 000 tonu keçib. İllik əsasda mərkəzi bankların tələbi 1% azalsa da, dördüncü rübdə alışlar 54% artaraq 332.9 tona çatıb.
Polşa Mərkəzi Bankı 90 ton əlavə edərək alışlara liderlik edib və 2025-ci ildə də mərkəzi bankların qızıla tələbinin yüksək qalacağı gözlənilir.
Azərbaycanda əsas qızıl alışını həyata keçirən ölkənin suveren fondu Dövlət Neft Fondu sayılır. Son məlumatlara əsasən, Fond 2024-cü ildə 44.8 ton qızıl alıb.
Bununla belə, Azərbaycan qızıl istehsal etsə də, həmişəki qaydada onu İsveçrəyə sikkə şəklində satır. Dövlət Statistika Komitəsindən təqdim edilmiş məlumata əsasən, ilin ilk ayında Azərbaycanda 236,2 kq qızıl istehsal edilib və bu göstərici öncəki ilin müvafiq ayını 88.5 faiz üstələmiş olub. Keçən ilin 12 ayında İsveçrəyə Azərbaycandan 4270.39 kq üzərində və ya 211.76 mln. dollar dəyərində, cari ilin yanvarında isə 242.96 kq və ya 21.12 mln. dollar qızıl satılıb.