17 C
Baku
Tuesday, November 4, 2025

Azərbaycan yeni iqtisadi modelə keçiddə nələri nəzərə almalıdır?

Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev qeyri-neft sektorunun əsas drayverə çevrilməkdə olduğunu bəyan edib. Bu bəyanat həm də iqtisadi siyasət qarşısında yeni çağırış və vəzifələr qoyur və bu bəyanatı yeni mərhələnin başlanğıcı hesab etmək olar.

Bu yazıda mən yeni mərhələdə yeni iqtisadi modelin müəyyən olunmasının vacibliyinə, indiyə qədər isə iqtisadi model seçimində ölkəmizin keçdiyi qısa tarixə müəyyən qısa təhlillərlə nəzər salmağa çalışacam.

Ölkə Prezidentinin səsləndirdiyi bəyanatda ən önəmli vəzifə yeni iqtisadi modelin müəyyən olunmasıdır. Yəni, post-neft dövründə heç bir iqtisadiyyat yeni iqtisadi model müəyyən etmədən sürətli və səmərəli keçidi həyata keçirə bilməz. Yeni iqtisadi modelin müəyyən olunması, hazırlanması və həyata keçirilməsi həm çətindir, həm asan. Burada çətinlik və asanlığın dərəcəsi düzgün modelin seçilməsi və ya bir neçə iqtisadi model əsasında hibrid modelin hazırlanmasından asılıdır. Digər tərəfdən isə resurs iqtisadiyyatının formalaşdırdığı bir çox yanlış və səhv düşüncə tərzlərinin dəyişməsinə nail olmaqdır. Bu səbəbdən mən bu yazıda 2000-ci illərin əvvəllərində neft ixracımızın genişləndiyi və neft dövrünə qədəm qoyduğumuz dövrdə iqtisadi model seçimində buraxılan səhvləri qısaca təhlil etmək istərdim ki, növbəti mərhələdə bu səhvləri buraxmayaq.

2000-ci illərin əvvəllərində biz daha çox Rusiyanı təkrarlayırdıq. Yəni, Rusiya iqtisadi sahədə bir addım atırdı, biz də onun ardınca həmin addımı copy-paste (kopyala yapışdır) edirdik. Bu kopyalama prosesində digər komponentlərə baxmırdıq. Yəni, qonşumuz mədəsi ağrıyanda hansı dərmanı atırdısa biz də o dərmanı atırdıq. Ağrının səbəbləri isə tamamilə fərqli idi. Hərdən Qazaxıstan, hərdən Türkiyədən də kopyala yapışdır etsək də, əsas fokus Rusiya idi.

2006-2008-ci illərdə Dubay modeli diqqət mərkəzinə gəldi. Hətta Azad İqtisadi Zonalar, sərbəst ticarət, biznes mərkəzlərinin tikintisi və sair məsələlər ön plana çıxdı. Lakin, bu məsələ soyuduldu (səbəbləri və incəliklərinə toxunsaq mövzu çox uzanar).

2010-cu illərə doğru isə Cənub-Şərqi Asiya ölkələri diqqət mərkəzində idi. İlk olaraq Sinqapur modeli ortaya atıldı. Hətta həmin ölkəyə məmurlarımızın səfərləri oldu və bu modelin tətbiqini uyğun görürdülər. Ciddi səhv idi. Çünki, Sinqapur beynəlxalq bir layihə olub maliyyə qovşağı (financial hub) kimi nəzərdə tutulmuşdu. Bu şəhər-dövlət modeli bütün iqtisadiyyatı sadəcə Bakıya cəmləşdirərdi.

Ardınca Cənubi Koreya modeli ortaya atıldı. Bu modelin cəlbediciliyi isə ÜDM-nin təxminən 60%-ə qədərini çelobilarin (chaebol) formalaşdırması idi. “Chaebol” adlanan çelobilar haqqında bir neçə maraqlı fakt. Cənubi Koreyada “chaebol” adlanan çelobilar — Samsung, Hyundai, LG, SK Group, Lotte Group, Doosan Group kimi — ailə nəzarətində olan, çoxşaxəli və nəhəng korporativ qruplardır. Məsələn, Samsung Group təkbaşına ölkə ÜDM-nin təxminən 15–20%-ni təşkil edir. İlk 10 çelobinin ÜDM-də birgə payı isə təxminən 50%-dən çoxdur. İxracın 70%-ə qədəri də çelobilarin payına düşür. Mənim üçün də maraq kəsb edən bu modeli dərindən öyrənməyə başladım. Nəticədə 2011-2014-cü illərdə 10 Cənub-Şərqi Asiya ölkəsinin iqtisadi modelini öyrəndim. Əsas qarşıma qoyduğum sual bu idi: “Nə üçün Yaponiya, Cənubi Koreya, Tayvan, Honk-Konq yüksək sürətlə inkişaf edərək inkişaf etmiş ölkələr sırasına, Çin, Malayziya, İndoneziya, Tailand yüksək iqtisadi inkişaf tempi göstərərək inkişaf etməkdə olan ölkələr siyahısına düşə bildilər, lakin Laos, Kamboca, Myanmar və Vyetnam iqtisadi gerilik yaşadılar, bataqlığa yuvarlandılar. Qeyd edim ki, Vyetnam son illərdə yüksək iqtisadi inkişaf tempi göstərərək sonuncu siyahıdan çıxdı. Malayziyaya 14 günlük səfərim zamanı Malayziya daxil bir neçə ölkəni də birbaşa görmək, araşdırmaq və o mədəniyyətləri hiss etmək imkanını da əldə etdim. 4 ilə yaxın ağır araşdırmaların səmərəli nəticələri oldu. Qarşıma qoyduğum bir sıra suallara cavab tapdım. Lakin, Cənubi Koreya modeli bizim üçün müvəffəqiyyətli model olarmı sualına cavabım nəzəri olaraq pozitiv, praktik olaraq neqativ oldu. Çünki, biz Cənubi Koreya deyə-deyə orada atılan addımları ya atmırdıq, ya tam dərk etmirdik, ya da əksini edirdik. Amma öyrəndiyim əsas məsələ iri holdinqlərin, korporasiyaların, çelobiların böyümə səbəbləri və mexanizmləri idi. Ölkəmizdəki holdinqlərin iş prinsiplərini bildiyim üçün müqayisə etmək imkanım da var idi. Nəticə olaraq, bizim holdinqlərin iri korporasiyalara (ölkə daxilində iri şirkət olmaq başqadır, rəqabətə davamlı iri korporasiyaya çevrilə bilmək başqa) çevrilmə şanslarının da çox aşağı olduğunu müəyyən etdim. O vaxtlar ən böyük təhlükənin həmin ölkələrə səfərə gedənlərin (bu sahədə olan məmurlar daxil) Cənubi Koreyanın inkişaf tarixini, xüsusiyyət və modelini dərindən araşdırmadan Cənubi Koreya modeli haqqında danışmaları idi. Bu təhlükə də özünü doğrultdu. Qiymətli uzun illərimizi itirdik.

Sonra devalvasiya oldu. McKinsey & Company şirkəti Strateji Yol Xəritələri təqdim etdi. İctimai müzakirələr zamanı mənim də təkliflərim olmuşdu və açığı 11 əsas istiqaməti əhatə edən bu xəritələrə ümidlə yanaşırdım. Lakin, hətta bu böyük beyin mərkəzinin də ciddi bir neçə səhvi oldu. Bu Strateji Yol Xəritələri ayrı-ayrılıqda inkişaf yolları göstərsə də, birincisi, iqtisadi model deyildi. İkincisi, ayrı-ayrı sahələrin paralel inkişafına daha çox fokuslanmışdı, nəinki sahələrarası sinerjiyə. Üçüncüsü, risklər tam olaraq müəyyən olunmamışdı. Dördüncüsü, hansı sahədə nəzərdə tutulan addımın atılmaması digər sahələrdə icraya necə təsir edə bilər sualları qoyulmamışdı və cavablar da təbii ki, yox idi (məsələn, nəzərdə tutulan üzən məzənnəyə keçid baş verməsə ixracla bağlı proqnozlar özünü nə dərəcədə doğrulda bilər və sair). Nəticədə, hər bir istiqamət üzrə Yol Xəritələrinin icrası bir-biri ilə vəhdət təşkil etmədi, icra isə daha çox hazırlanan Dövlət Proqramları ilə ölçülürdü. Dövlət Proqramlarını hazırlayan qurumların bir çoxu isə həmin Strateji Yol Xəritələrinin mahiyyətini tam anlamadan illik tapşırıqları ya sadəcə rəqəmlər üzərində müəyyən edir, bir çox hallarda isə ümumi, ölçülə bilinməyən tapşırıqlar qoyulurdu. Yəni həm Strateji Yol Xəritələrində istiqamətlər arasında qopuqluq var idi, həm də Strateji Yol Xəritələri ilə Dövlət Proqramları arasında. Strateji Yol Xəritələrinin hazırlanması ümumilikdə təqdirəlayiq idi, lakin burada qeyd etdiyim və uzunçuluq olmaması üçün qeyd etmədiyim bir çox səbəblərdən gözlənilən nəticə və uğur əldə edilmədi.

Sonra pandemiya gəldi. Pandemiya dövründə ən çox yazdığım və vurğuladığım məqam o idi ki, post-pandemiya dövründə ölkələrarası iqtisadi yarış dərinləşəcək və biz bu prosesə hazır olmalıyıq. Tarixi 44 günlük müharibə, anti-terror əməliyyatı, uğurlu xarici siyasət fonunda iqtisadiyyat təəssüf ki, arxayınlaşma və gözləmə əhvali-ruhiyyəsinə keçdi. Halbuki, əksi olmalı idi. Çünki, Qarabağın yenidən inşası, Böyük Qayıdış, ordunun yenidən komplektləşdirilməsi fonunda yeni növ silahların alışı üçün lazım olan xərclər qarşılığında azalan neft hasilatı və qiymətləri ilə üzləşəcəkdik. Bunların hamısı proqnozlaşdırıldı, deyilirdi, yəni gözlənilməz şok hadisələri deyildi.

Ölkə Prezidenti uğurlu iqtisadi model seçimi ilə bağlı bir neçə dəfə tapşırıq vermişdir. Lakin, təəssüf ki, biz iqtisadi model seçimində real göstəricilər və bizim üçün uyğun model seçimindən daha çox qeyri-real və bizim iqtisadiyyatla uyğun olmayan modellər arxasınca gedərək uzun illər itirdik. Əslində, bu tapşırıq bu gün də Ölkə Prezidenti tərəfindən qoyuldu. Bu bəyanat bizim düşündüyümüzdən də qat-qat vacib və dərindir. Hələ Şərqşünaslıq fakultəsində oxuyarkən resurs ölkələrinin iqtisadiyyatlarını dərindən araşdıran bir iqtisadçı kimi resurs iqtisadiyyatından qeyri-resurs iqtisadiyyatına keçidin nə dərəcədə çətin olduğunu anlamağa başlamışdım. Bu çox çətin və riskli prosesdir. Düzgün olmayan və xaotik keçid ölkənin resurs iqtisadiyyatı dövründə yığdığı bütün ehtiyatların buxarlanması ilə də nəticələnə bilər. Xüsusilə də daha çox iri sahibkarlar və holdinqlər üçün, dövlət üçün. Düzgün keçid isə mövcud şanslar və fürsətlər fonunda şaxələndirilmiş və həm də ixtisaslaşmış iqtisadiyyat qurulması ilə nəticələnə bilər.

Önəmli qeyd:  şaxələndirilmiş iqtisadiyyat hər şey istehsal və emal edən iqtisadiyyat deyil. İqtisadiyyatda ixtisaslaşma da çox önəmlidir. Bəs şaxələndirmə dedikdə nələrin, ixtisaslaşma dedikdə isə nələrin nəzərdə tutulması başqa bir dərin mövzudur.

Ölkəmizin iqtisadi model axtarışı ilə bağlı tarixinə maksimum qısa toxunmağa çalışdım. Burada əsas məqsədim tənqid etmək deyil, səhvlərimizi təhlil edərək növbəti illərdə eyni səhvlərə yol verməməyə çalışmağa nail olmağımızdır.

Biz ölkəmiz üçün iqtisadi model seçərkən və ya hibrid bir model hazırlayarkən hər bir qurumun da vəzifə və səlahiyyətlərini düzgün müəyyən edə biləcəyik. Uzun illər monetar siyasətin kölgəsində qalıb kifayət qədər daralan fiskal siyasətin həm vəzifə, həm də səlahiyyətlərinin genişləndirilməsi, gömrük siyasətinin büdcədolduran siyasətdən həqiqətən daxili istehsalı (daxili ticarət deyil) qoruyan və təşviq edən proteksionist siyasətə keçməsi, dövlət satınalmalarında tamamilə yeni bir baxışın, yanaşma və siyasətin müəyyən edilməsi, monetar və fiskal siyasətlərin yeri gələndə bir-birlərini dəstəkləməsi, yeri gələndə yaranan hər hansı problemin həllində qarşılıqlı paslaşmaları (bu ayrıca bir geniş və maraqlı mövzudur) və digər məsələlərin də həlli üzə çıxacaq.

2 ay öncə etdiyim təklifi bir daha təkrarlayaraq 2026-cı ilin iqtisadi inkişaf ili elan ediləcəyinə, Ölkə Prezidenti tərəfindən qoyulan strateji tapşırıqların səmərəli icrası üçün yeni bir iqtisadi modelin seçilməsi, həmin modelin icrasını təmin edəcək qısa, orta və uzunmüddətli real, səmərəli və iddialı inkişaf Proqramlarının hazırlanmasına başlanacağına inanıram.

Son 15 ildə gələcək nəsillər qarşısında iki əsas çətin vəzifəmizin olduğunu vurğulayırdım. Torpaqlarımızın işğaldan azad edilərək bu problemin gələcək nəsillərə ötürülməməsi və güclü iqtisadi model. Biz dövlət və xalq olaraq çox çətin olan birinci vəzifənin öhdəsindən layiqincə gəldik. Belə bir vəzifənin öhdəsindən gələn dövlət və xalq üçün güclü bir iqtisadi modelin qurulub gələcək nəsillərə güclü iqtisadiyyatın ötürülməsi nədir ki? Öhdəsindən gəlmək üçün şanslarımız daha çoxdur!

Müəllif:
Elman Sadıqov
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər