2016-2019-cu illərdə Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcminin 66,1 milyard manat olacağı proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bu gün Milli Məclisin plenar iclasında 2016-cı il və növbəti 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, son dövrlərdə neftin dünya bazar qiymətlərinin iki dəfədən çox aşağı düşməsi ölkənin gəlirlərinin azalması ilə nəticələnib: “Buna uyğun olaraq, növbəti ilin dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu əvvəlki illərlə müqayisədə az proqnozlaşdırılıb ki, bu da ölkə iqtisadiyyatına digər mənbələr hesabına vəsaitlərin cəlb edilməsini, o cümlədən real sektorun maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasını şərtləndirir”.
Onun sözlərinə görə, qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində gələn il investisiya qoyuluşlarının 18.8 mlrd manat, o cümlədən xarici investisiyaların 8 mlrd manat olacağı, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10.8 mlrd manat investisiya yatırılacağı gözlənilir: “Növbəti 3 ildə isə investisiyaların 47.3 mlrd manat, o cümlədən xarici investisiyaların 15.4 mlrd manat təşkil edəcəyi proqnozlaşdırılır”.
Ş.Mustafayev bildirib ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək: “Cari ilin sonuna qeyri-neft sahəsinin 5.9%, 2016-cı ildə isə 3.4% artacağı proqnozlaşdırılıb. Onun ümumi daxili məhsuldakı payının 2014-cü ildə 61%-dən 2016-cı ildə 71.8%-ə çatacağı proqnozlaşdırılır. Tikinti sektoru nəzərə alınmasa, qeyri-neft sahəsi 5.3%, qeyri-neft ticari sektorlar isə 7.2% artacaq”.
Nazir əlavə edib ki, qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq: “Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9.2% artıma nail olunacağı proqnozlaşdırılır”.
Onun sözlərinə görə, qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5.5%, növbəti 3 ildə orta hesabla 5.2% artım proqnozlaşdırılır: “Son illərdə təkcə dövlətin güzəştli kreditləri hesabına aqroparkların, ən müasir texnologiyalara əsaslanan quşçuluq, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, cins heyvandarlıq və müasir istixana komplekslərinin, logistik mərkəzlərin yaradılması istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artırılmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhvəsini verməkdədir”.
Ş.Mustafayev deyib ki, dövlət investisiyalarının azalması fonunda tikinti sektorunun gələn il 4.6% azalması proqnozlaşdırılır.
İqtisadiyyat və sənaye naziri bildirib ki, xidmətlər sektorunda artım 2016-cı ildə 4.8%, növbəti üç ildə də orta hesabla 5.1% təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ÜDM-də payının 2014-cü ildəki 33.4%-dən 2019-cı ildə 40.9%-ə qədər artacağı gözlənilir: “Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması, eyni zamanda beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq arenada tanınmasına, turizmin inkişafına səbəb olacaq, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12.5% artacağı proqnozlaşdırılır”.
O, qeyd edib ki, informasiya və rabitə sektorunda müsbət dinamika davam edəcək: “Belə ki, 2016-cı ildə bu sahədə 13.5%, növbəti 3 ildə orta illik 10.3% artım gözlənilir. Yeni peyklərin orbitə çıxarılması, yüksək texnologiyalar parklarının fəaliyyəti, elektron xidmətlərin genişləndirilməsi bu sahədə əlavə imkanlar yaradacaq”.
Nazir əlavə edib ki, gələn il nəqliyyat sektorunda 3.0%, növbəti 3 ildə isə orta illik 4.3% artım gözlənilir.
Ş.Mustafayev sosial sahəyə də toxunub: “Sosial məsələlər əvvəlki illərdə olduğu kimi, daim diqqətdə saxlanılacaq. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əmək haqqı artaraq 474.5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcək”.
Nazir deyib ki, ümumiyyətlə, 2016-cı ildə ölkə üzrə iqtisadi artım 1.8%, inflyasiya 3.3%, növbəti üç ildə isə orta illik artım tempi 3.7% səviyyəsində proqnozlaşdırılır: “Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyə balansının növbəti illərdə də müsbət saldosu qorunacaq. 2016-cı ildə ticarət balansı 7.6 milyard ABŞ dolları, cari hesab balansı isə 1.9 milyard dollar müsbət saldo ilə proqnozlaşdırılıb”.
O, əlavə edib ki, neft sektorunun gələn il 1.7% azalması, neft hasilatının 40.7 mln ton, növbəti illərdə isə ortalama 40.2 mln ton olacağı gözlənilir: “Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib və neftin 1 barelinin qiyməti gələn il və növbəti 3 il üçün hesablamalarda 50 ABŞ dolları qəbul edilib”.