6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan yük donanmasındakı təyyarələrin sayını artıracaq

“Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur”.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə keçirilən görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur: “Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik. 2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir: “Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər