Azərbaycanda qiymətləri demək olar ki, hər ay artan duru bitki yağlarının istehsalı azalmaqdadır və belə şəraitdə ölkənin idxaldan asılılığı artır.
Banker.az xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında ölkənin duru yağ istehsal edən zavodları 17 347 ton həcmində duru yağ istehsal ediblər. Bütün bu rəqəmlər Azərbaycanın Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilib.
Bu 2022-ci ilin eyni dövründən 9 783 ton və ya 36% azdır.
2023-cü ilin ilk yarımilində zavodlar 3 657 ton üzərində qarğıdalı yağı istehsal ediblər. Qarğıdalı yağı itsehsalı illik 35% azalıb. 2022-ci ildə 5 648 tonluq bitiki yağı istehsalı mövcud idi. Bu azalma öncəki ildə də vardı. Belə ki, əhalinin qida səbətində yer alan bu qida yağının 2021-ci ilin ilk 6 ayı üzrə istehsal həcmi 6 201 ton idi.
Günəbaxan yağı istehsalındakı eniş daha çox diqqət çəkir. Hesabat müddətində ölkədə günəbaxandan 11 489 tonluq yağ istehsal edilib. Bu illik müqayisədə 40% azdır. 2021-ci ilin ilk 6 ayında bu qida yağının istehsal həcmi 20 319 ton, 2022-ci ilin isə 19 124 ton idi.
2021-ci ilin ilk yarısında 687 ton zeytun yağı istehsal edilirdisə, 2022-ci ildə bu rəqəm 550 tona, 2023-cü ildə isə 492 tona düşüb.
Ölkə əhalisinin qida səbətində daha az yer alan pambıq yağının da istehsalı düşür. 2021-ci ildə 845 ton pambıq yağı istehsal edildiyi halda, bu rəqəm 2022-ci ildə 1770 tona yüksəlmişdi və digərlərində olduğu kimi bu yağın da istehsal həcmi ilin müvafiq dövründə 1535 tona düşüb.
Daxildə istehsalın azalması yerli şirkətləri xaricdəki məhsullara yönəldir. Məsələn, buna misal kimi idxalın kəskin artmasını göstərmək olar. İlin ilk beş ayı ərzində Azərbaycan şirkətləri xaricdən 4 017 tonluq hazır qarğıdalı yağı alıblar ki, öncəki ili 4 dəfə üstələyir. Qarğıdalı yağının idxalına görə $7.38 mln. valyuta tərk edib.