-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycana 2016-cı ildə nə qədər dollar gəlib?

2016-cı ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunmuşdur.

Banker.azın verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ildə xarici ticarət dövriyyəsi 21650,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13118,4 milyon dollar, idxalın dəyəri 8532,4 milyon dollar təşkil etmiş, nəticədə 4586,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Ticarət dövriyyəsinin 36,2 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 50,8 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,4 faizi Türkiyəyə, 8,7 faizi Tayvana (Çinin əyaləti), 7,3 faizi İsrailə, 6,7 faizi Almaniyaya, 5,4 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,5 faizi Rusiyaya, 3,8 faizi Gürcüstana, 3,0 faizi Çinə, qalan 26,3 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 19,2 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 5,8 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi Yaponiyanın, 3,2 faizi Norveçin, 29,0 faizi isə digər ölkələrin payına düşmüşdür.

2016-cı ildə 1237,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4 faiz azdır.

2016-cı ildə 2015-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,9 faiz, təzə tərəvəz – 49,5 faiz, kartof – 4,1 faiz, qara metallardan borular – 5,3 dəfə, pambıq  ipliyi – 11,0 faiz artmış, şəkər ixracı isə 50,9 faiz, bitki yağları – 56,3 faiz, çay – 73,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,1 faiz, polietilen – 3,7 faiz, emal olunmamış alüminium – 22,7 faiz azalmışdır.

2015-ci illə müqayisədə 2016-cı ildə buğda idxalı 18,2 faiz, xam şəkər və şəkər – 25,3 faiz, bitki yağları – 20,1 faiz, təzə meyvə – 24,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 4,1 faiz, çay – 69,0 faiz, kartof­­­­ – 46,7 faiz, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, təzə tərəvəz – 80,1 faiz, mal əti – 3,9 faiz, polad prokatı – 4,0 faiz, mebel – 20,1 faiz, mineral gübrələr – 9,7 faiz, hesablama maşınları, blok və qurğuları – 3,3 dəfə, rezin şinlər – 38,9 faiz, məişət kondisionerləri – 5,0 dəfə artmış, minik avtomobillərinin idxalı isə 79,0 faiz, qara metallardan borular – 53,9 faiz, qara metallardan çubuqlar – 63,1 faiz, polietilen – 26,5 faiz, qara metallardan künclüklər ­– 39,2 faiz, sement və sement klinkerləri – 21,5 faiz azalmışdır.

 

Son xəbərlər
Digər xəbərlər